"Paşinyan ilk növbədə siyasi rəqiblərindən qisas alacaq" ÖZƏL-MÖVQE

“Ermənistan baş naziri Nikol Paşinyanın istefası “məxməri inqilab”ın davamı üçün görülən tədbirlərdir. Bu istefa Paşinyanın vəzifədən getməsi anlamına gəlmir. Paşinyan hələ də baş nazir postunda qalmaqda davam edir. Konstitusiyaya görə yeni seçkilərə qədər Paşinyan bu vəzifəni icra etməkdə davam edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, qanuna əsasən iki həftə ərzində yeni baş nazir seçilməzsə parlament səlhaiyyətlərini itimiş olur və öz-özünü buraxır: “Əldə olunmuş razılığa görə 14 gün ərzində yeni baş nazir seçilməyəcək və bununla da yeni seçkilərin keçirilməsi qanuni əsaslarla reallaşacaq. Səlahiyyət müddəti bitmiş parlamentin buraxılmasından sonra 1 ay müddətində yeni seçkilərin keçirilməsi və vaxtının təyin olunması prosedurası keçiriləcək. Buna qədər isə isə Paşinyan və onun nazirləri vəzifələrini icra etməkdə davam edəcəklər. Bu seçkilər təxminən dekabr ayının birinci on günlüyünə təsadüf etməlidir. Hətta Paşinyanın özü istefa öncəsi çıxışında bu istefanın formal xarakter daşıdığını və bu addımı siyasi məqsədlər üçün atdığı etiraf etmişdi. Önümüzdəki iki hətə ərzində siyasi stabillik qorunub saxlanılacaqsa, Paşinyan yeni seçkilərə böyük üstünlüklə daxil olacaq və siyasi məqsədinə çatacaqdır. Bundan sonra isə demokrat qiyafəsinə girmiş Paşinyanı qisasçı və diktator görəcəyik. Yerevanda tam hakimiyyətə sahib çıxdıqdan sonra Paşinyan ilk növbədə siyasi rəqiblərindən qisas alacaq və həbsdə yatdığı günlərin hesabını Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klan”ından soracaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə