Bakı YUNESKO-nun sessiyasına ev sahibliyi edəcək ANALİZ

Belə bir qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı dayanır

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Bu qurumun 42-ci sessiyası isə iyunun 4-dən iyulun 4-dək Bəhreyn Krallığının Manama şəhərində baş tutub. Sessiyada Azərbaycan heyəti də iştirak edib və heyətə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev rəhbərlik edib.

Nazirlikdən verilən məlumata görə, iclas çərçivəsində YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib, eyni zamanda, Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.

Bakıda keçiriləcək tədbirdə dünyanın 180-dan çox ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir

Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Məlumata görə, Bakıda keçiriləcək tədbirdə dünyanın 180-dan çox ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaqdır.

Bu qərar həmçinin, Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir

Söz yox ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı dayanır.

Bu qərar həmçinin, Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Bu kimi ali dəyərlər eyni zamanda, Azərbaycanın nüfuzunu daim yüksəklərdə saxlayır

Xüsusilə, bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilib. Söz yox ki, bu kimi ali dəyərlər eyni zamanda, Azərbaycanın nüfuzunu daim yüksəklərdə saxlayır. Gözəl, əsrarəngiz və füsunkar paytaxtımız olan Bakımızın 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də bu gerçəkliyi ehtiva etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...