YAP Səbail rayon təşkilatı 25 illiyini qeyd edir TƏDBİR

Bu gün YAP Səbail rayon təşkilatı YAP-ın yaranmasının 25 illiyi münasibətilə tədbirlər planı çərçivəsində rayon gəncləri Azərbaycan Milli Tarix Muzeyini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, bir qrup tələbənin, partiyanın fəal gənclərinin və rayonun idarə və təşkilatlarının əməkdaşlarının böyük maraqla iştirak etdiyi ekskursiya zamanı ziyarətçilərə binanın tarixi, eləcə də, muzeydə nümayiş olunan Azərbaycan tarixinin bütün dövrlərinə aid ekspozisiyalar haqqında geniş məlumat verilib.

Bildirilib ki, muzeyin kitabxanasında, müxtəlif fondlarda Azərbaycan tarixini yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi, tariximizin müxtəlif dövrlərinə aid 80 mindən artıq nadir jurnal, kitab və qəzet toplanmışdır.

Ölkəmizin tarixi-mədəni irsinin qoruyucusu olan AMEA-nın Azərbaycan Milli Tarix Muzeyinə bu səpkili ekskursiyaların təşkili milli tariximizin gənlərimiz tərəfindən daha dərindən öyrənilməsində əhəmiyyətlidir. Belə ki, Azərbaycan gənclərinin milli şüur, özünüdərk və vətənpərvərlik hisslərinin gücləndirilməsi, xüsusilə də, dövlət müstəqilliyimizin müqəddəsliyinin şüurlu şəkildə dərk edilməsi istiqamətində böyük rola malikdir.

Bu maarifləndirici ekskursiyada maraqla iştirak edən gənclər ziyarətdən yüksək təəssüratla ayrılıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə