Gözəl saçlara sahib olmaq üçün nə etməliyik?

Saçlar təkcə insan dərisinin funksional əlavəsi deyil, həm də onun görünüşünün tərkib hissəsidir. Məhz bu cəhətdən insan öz sağlamlığı və xarici görkəmi haqqında ciddi düşünür və trixologiya üzrə mütəxəssisin tövsiyələri olmadan ötüşə bilmir.

Trixologiya – tibbin, daha dəqiq desək,dermatokosmetologiyanın sağlam saçların strukturunun və xarakterinin tədqiqi, saç xəstəlikləri, onların diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan bir hissəsidir. Hətta sağlam saçlara belə onları qoruyan, möhkəmlədən, saç artımını sürətləndirən, elmi cəhətdən əsaslandırılan düzgün qulluq vacibdir. Lakin müxtəlif xarakterli xəstəliklər, düzgün olmayan həyat tərzi, qeyri rasional qidalanma, sürəkli stresslər, hormonal problemlər, pis ekoloji şərait ona gətirib çıxarır ki, saçların vəziyyəti pisləşir və onlar “xəstələnməyə” başlayır. Əgər sizin saçla, deyək ki, onların tökülməsi və ya saç örtüyünün seyrəlməsi ilə bağlı probleminiz yaranmağa başlayırsa, dərhal həyəcan təbili çalmaq lazımdır. Və təbii ki,”bunlar nədən baş verdi, nə etməli və kimə müraciət etməli” kimi suallara cavab axtaramq lazım gəlir. Biz bu və digər suallara cavab tapmağa sizinlə birlikdə çalışacıq.

Hər şeydən əvvəl, müalicənin əsasını təşkil edən diaqnozu düzgün qoymaq, həmçinin saç xəstəliklərini və başın dərisinin xəstələnməsini doğuran səbəbləri müəyyənləşdirmək lazımdır. Bir çox hallarda, trixoloqun qəbuluna gəlmiş pasiyentin ilk və tək şikayəti saç tökülməsi olur. Bu zaman həkim tərəfindən düzgün təyin edilmiş laboratoriya analizləri və digər tədqiqat metodları saç tökülməsinin əsas səbəbi və bəzən də xəstəliyi aşkara çıxarmağa imkan verir. Bir çox hallarda bu endokrin sisteminin xəstəliyi, immunoloji xəstəliklər, balanslaşdırılamış qida, psixoloji pozuntular və s. olur. Bu zaman saçların xəstələnməsinin mənşəyinin tamamilə müxtəlif səbəblərdən olması da mümkündür, buna görə də trixologiya tibbin digər sahələri- ilk növbədə dermatologiya,endokrinologiya, immunologiya və s. ilə sıx təmasda fəaliyyət göstərir.

İnsanın saçları bütün həyatı boyu tökülərək yenidən inkişaf edir. Hər gün insanın təxminən 40-60-a qədər tükü tökülür və normal hallarda onlar yenidən bərpa olunur, lakin patoloji tökülmə zamanı bu tüklərin “əvəzi” çıxmır. Bunun səbəbi müxtəlif ( hormonal, autoimmun, infeksiya, genetik, stress, infeksiya və başın dərisinn zədələnməsi) ola bilər. Bu səbəblər arasında birinci yerdə saçların genetik səbəbli tökülməsi dayanır. Bundan sonra ən çox rast gəlinən, lakin müxtəlif maddələrin çatışmazlığı səbəbində yaranan saç tökülməsi və nəticə olaraq saç örtüyünün seyrəlməsidir. Həmçinin doğuşdan sonra əmələ gələn, stress mənşəli, autoimmun xəstəlikləri ilə müşaiyət olunan saç tökülmələrinə də rast gəlirik.

Saç probleminin səbəbini düzgün müəyyən etmək üçün müxtəlif müayinə metodları olan trixoskopiya, trixometriya, dermatoskopiya, fototrixoqram və s. birləşdirən hərtərəfli diaqnostika aparılır.

Saç probleminin, onun tökülməsinin çox sayda səbəbi olduğu üçün, təbii ki, onun müalicə metodları da çoxsaylıdır. Bir çox hallarda trixoloqlar saçların və başın dərisinin müalicə metodları digər metodlarla uzlaşdırırlar, yəni kompleks müalicə aparılır və bu zaman təkcə saçların sağlamlığının deyil, bütövlükdə insan orqanizminn sağlamlğını da bərpa etmək mümkün olur. Saşların müalicəsi zamanı problemdən asıı olaraq həm inyeksion, həm fizioterapevtik prosedurlar, həmçinin lazım gələrsə saç dərisinə sürtülən və ya daxilə qəbul olunan preparatlarla müalicə təyin olunması mümkündür. Eyni zamanda, məsələn, mikroelementlərlə zənginləşdirilmiş pəhriz və neqativ amillərin aradan qaldırılması kimi saşların sağlamlığına bu və ya digər dərəcədə potensial təsir göstərən və göstərə biləcək ümumi tövsiyələr də verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə