YAP bölgələrdə seçicilərlə görüşləri davam etdirir FOTOLAR

Astara

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatı təbliğat-təşviqat kompaniyasını davam etdirir. 23 mart 2018-ci il tarixdə təbliğat-təşviqat qrupunun üzvləri Astara rayonunun Siyaku kəndində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıb.

Tədbirdə Rayon ağsaqqallarından Hamlet Əliyev, Seyran Babayev, Rayon Gənclər Birliyinin sədri Tural Eyvazov və başqaları çıxış etdilər.

Tədbirdə iştirak edənlər yekdilliklə İlham Əliyevə səs verəcəklərinin bildiriblər.

Ağdaş

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər uğurla davam edir. Ağdaş rayonunun Kükəl, Ərəb, Birinci Aral, Xosrov, Şəmsabad və Tofiqi nümayəndəliklərini əhatə edən kəndlərin seçiciləri ilə görüşlər keçirilib.

Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, millət vəkili Cavid Osmanov açaraq, bildirib ki, son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənmişdir. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi, ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılması inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir. Məhz belə möhtəşəm uğurlara görə, ağdaşlılar 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəklər.

Görüş iştirakçılarından Tahir Tağıyev, Dəyanət Xəlilov, Roza Əhmədova, Gülşən Cəlilova, Elxan İsayev, Tofiq Siracov, Vaqif Həsrətov və Səbinə Mehdiyeva çıxışlarında Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini sevinc hissləri ilə qarşıladıqlarını bildiriblər. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq insanlar olduqlarını bildirən ağdaşlılar Yeni Azərbaycan Partiyasının namizədindən başqa seçimləri olmadığını vurğulayıblar. Bütün seçicilər adından bəyan ediblər ki, onların seçimi bu dəfə də Cənab İlham Əliyevdir və onlar bu seçimi təsdiq etmək üçün 11 aprel tarixini səbirsizliklə gözləyirlər.

Görüşdə çıxış edən təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva və Elsevər Baxışov qeyd ediblər ki, ağdaşlılar vətənsevər, dövlətə, Ulu Öndər Heydər Əliyevin amallarına sadiq insanlardır və bundan sonra da belə olacaqdır.

Görüşün sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov bir daha seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

Qax

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qax rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüş dünən rayonun Almalı, Dəymədağlı, Şıxlar kəndlərinin seçiciləri ilə keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Qax rayon şöbəsinin sədri Nizami Əhmədov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının namizədi, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir.Və əminik ki, hər bir azərbaycanlı növbəti illərdə də bu inkişafın davamını Cənab İlham Əliyevlə birgə görmək istəyir.

Milli Məclisin deputatı Rafael Hüseynov seçicilər qarşısında çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək qüdrətli, əzəmətli, regionda söz sahibi olan dövlətə çevrilmişdir: "Ölkədə gedən geniş abadlıq-quruculuş işləri, müasir infrastruktur layihələri Azərbaycanımızın simasını tamamilə dəyişdirmişdir. Dünyanın ən qabaqcıl dövlətləri belə Azərbaycanda gedən iqtisadi sıçrayışa həsədlə baxırlar. Və əlbəttə ki, bütün bunlara cənab Prezidentimizin Ulu Öndər Heydər Əliyev kursuna sədaqəti, gərgin əməyi, xalqına bağlılığı ilə nail olunmuşdur. Bu inkişafı müdrik azərbaycan xalqı və eləcə də Qax seçiciləri heç vaxt unutmayacaq və öz rəğbətini 11 apreldə seçki məntəqələrinə gələrək bildirəcəklər".

Seçicilərdən Şürəddin Həsənov, Narıngül Fətəliyeva, Nemət Əliyev çıxış edərək qeyd etdilər ki, bu gün bizə yaradılan şəraitə görə, həyat səviyyəmizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab Prezidentimizə minnətdarıq və həmişə də Prezidentimizin arxasındayıq, seçimimiz Cənab İlham Əliyevdir.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə