Anadolu Universiteti “Azərbaycan proqramları”: yeni tədris ilinə start verildi
Sivilizasiyanın əsas fenomenlərindən biri sayılan təhsil bəşər mədəniyyətinin yüksəlişində hər zaman böyük rol oynamışdır. Bu baxımdan XIX əsrin sonlarından etibarən elmi dövriyyəyə nüfuz etməyə başlayan qloballaşma şəraitində bu gün hər bir ölkənin öz təhsil sistemini beynəlxalq miqyasda qəbul edilmiş təhsil modellərinə uyğunlaşdırması da təbii bir proses kimi ortaya çıxır. Məhz qloballaşmanın təhsil üzərindəki təsirinin nəticəsi olaraq intellektual potensial bəlli mərkəzlərdə cəmləşir, ali təhsil müəssisələri yalnız yerləşdikləri ölkələrə deyil, digər ölkələrə də təhsil xidməti təklif edə bilir.
Beləcə, bəzi milli təhsil sistemi xarici vətəndaşlar üçün daha cəlbedici olur. Bu isə ilk növbədə həmin təhsil sistemlərinin özünəməxsus güclü ənənələrə, elmi məktəblərə malik olması, müəyyən hallarda təhsil haqqının daha sərfəli olması ilə şərtlənir. Özünün 60 illik yubileyini qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin Anadolu Dövlət Universiteti də 30 ilə yaxındır ki, türk təhsil sisteminin üstünlüklərinə əsaslanmaqla dünya miqyasında xarici ölkə vətəndaşlarına xidmət göstərməkdədir. 2009-cu ildən “Azərbaycan proqramları” adı altında respublikamızda fəaliyyətə başlayan Anadolu Universiteti həm də distant (məsafədən) təhsilin Azərbaycanda təşkili istiqamətində ilk addımlarını atmış oldu.
Anadolu Universiteti “Azərbaycan proqramları”nın 2017-2018-ci tədris ilinin başlanması münasibətilə Park İnn hotelinin akt zalında keçirilən tədbirdə bir çox məsələlərdən danışıldı, gələcək perspektivlər müzakirə olundu.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı və Anadolu Dövlət Universitetinin fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Sonra söz Anadolu Universiteti “Azərbaycan proqramları”nın koordinatoru Azər Hətəmova verildi. Bu il tələbə adını qazananları, onların valideynlərini təbrik edən natiq qarşıdakı illərdə tələbələrə və pedaqoji kollektivə uğurlar arzulayaraq dedi: “Anadolu Universiteti ali təhsil proqramlarında müasir təhsil texnologiyasının bütün nailiyyətlərindən bəhrələnməklə, tədris və araşdırma prosesində internetdən istifadə edilməsi, təhsil sahəsində müştərək beynəlxalq layihələrin həyata keçirilməsi, veb və ya video konfransların, distant (məsafədən) təhsilin təşkili yolu ilə tələbələrə yüksək səviyyədə təhsil almalarına şərait yaradılır. Bütün bunlar daim nəzarətdə saxlanılır, yeniləşdirilir və sistemin bütöv parçası kimi, tələbələrə xidmət göstərir.
Anadolu Universiteti “Azərbaycan proqramları”nda dövlət idarəçiliyi, biznesin təşkili və idarə edilməsi, iqtisadiyyat, sosiologiya, bank və sığorta işi, xarici ticarət, media və kommunikasiya və s. bu kimi ixtisaslar üzrə tədris aparılır. 2009-cu ildə cəmi 4 bölmə ilə fəaliyyətə başlayan bu tədris ocağında hazırda 30-dək bölmə var. Bu ildən artıq ingilis dilində təhsilə də start verilib. 2009-2013-cü illərdə yalnız 5 ixtisas üzrə distant təhsil verilmişdirsə, 2013-2014-cü illərdə ixtisasların sayı 12-yə çatdırılmışdır. Hazırda 3 min nəfərə qədər tələbə Anadolu Universiteti “Azərbaycan proqramları”nda distant formada ali təhsil alır. Tələbələrin bir qismi birinci ali təhsil, bir qismi ikinci ali təhsil, digərləri isə paralel olaraq təhsil alanlardır.
Tələbələrimizin, xüsusən də aktiv tələbələrin sayı artmaqdadır və bu, qürur gətirən bir faktdır. Bu il burada oxumaq üçün 500 nəfər müraciət etmiş və onların 60 faizi sınaqlardan uğurla keçmişdir. Əlbəttə, bütün bunlar asan başa gəlməyib, ilk illər çətinliklərimiz çox olub. Ən böyük problem ilk vaxtlarda insanların bu təhsil ocağının fəaliyyətinə inam bəsləməməsi ilə bağlı idi. İndi hər şey arxada qalıb. Türkiyə dövlətinin, Azərbaycan dövlətinin, hər iki ölkənin müvafiq qurumlarının dəstəyi, köməyi sayəsində hər bir Azərbaycan vətəndaşı ölkəni tərk etmədən, istədiyi vaxt Türkiyənin Anadolu Dövlət Universitetində təhsil almaq imkanı qazanıb. İndi məzunlarımızın səsi-sorağı dünyanın müxtəlif yerlərindən gəlir. İnanıram ki, bir-birinə dost, qardaş olan ölkələrimiz arasında münasibətlər inkişaf etdikcə qarşıya çıxan problemləri birgə həll edəcək, savadlı kadr hazırlamaq kimi müqəddəs bir missiyanı layiqincə yerinə yetirəcəyik. Bu işdə bizə yardımçı olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Canlı bağlantı vasitəsilə tədbir iştirakçılarına qoşulan Türkiyənin Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan rəhbərlik etdiyi ali təhsil ocağının 60 il ərzində qazandığı uğurlardan, Azərbaycandakı fəaliyyətindən danışdı: “Anadolu Universiteti yarım əsrdən çoxdur ki, yenilikçi təhsil ocağı kimi Türkiyə Cümhuriyyətinin öndə gedən universitetlərindən biri olaraq türk ali təhsil sistemində “Təhsildə fürsət bərabərliyi” devizini əsas götürərək istər ölkə daxilində, istər ölkə xaricində yüksək təhsil verməkdədir. Dünyanın 17-dək ölkəsində tədris aparan Anadolu Universitetinin əhatə dairəsi genişlənir. Artıq ABŞ, Kanada, Səudiyyə Ərəbistanı kimi dövlətlərdə də fəaliyyətə başlamışıq. Yaxın vaxtlarda Avstraliya və Əfqanıstanın da bu sıraya daxil olması planlaşdırılır. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün türk dilini öyrənmək, bu dildə təhsil almaq istəyənlərin sayı artmaqdadır. Biz daim axtarışdayıq, inkişaf və tərəqqi yolu ilə gedir, yeni-yeni proqramlar həyata keçiririk.
Azərbaycan bizim üçün böyük önəm kəsb edən bir ölkədir və artıq 7 ildir ki, bizə dost və qardaş olan bu ölkənin vətəndaşlarına yüksək təhsil vermək missiyasını uğurla yerinə yetiririk. Nailiyyətlərimiz çoxdur. Təbii ki, problemlər də var. Bu gün Anadolu Universiteti “Azərbaycan proqramları” üzrə təhsil alanları və məzunları diplomların tanınması məsələsi daha çox narahat edir. Mən həmişə söyləmişəm və bu gün də deyirəm: Anadolu Universitetinin məzunlarına diplomların tanınması ilə bağlı dünyanın heç bir yerində problem yoxdur. Qaldı ki, Azərbaycanla bağlı məsələyə, o da tezliklə həll olunacaqdır. Mən fürsətdən istifadə edib bizə işləmək üçün dəstək olan qurumlara, Türkiyə Cümhuriyyətinə, Azərbaycan dövlətinə, bu işdə əməyi olan hər kəsə bir daha təşəkkür etmək istəyirəm”.
Anadolu Universiteti “Azərbaycan proqramları”nın Azərbaycanda fəaliyyətə başlamasında böyük əməyi olan Azərbaycan-Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqın ötən 7 ilə nəzər salaraq dedi ki, hər iki ölkə tərəfindən dəstək alan bu layihənin Azərbaycanda reallaşması gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Məqsəd əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Bu cür təhsil forması gənclərə təcrübə ilə təhsili birləşdirərək eyni vaxtda oxumağa və işləməyə imkan yaradır. Biz bundan sonra da əlimizdən gələn köməyi etməyə hazırıq.
Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadiyyat daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə və başqaları çıxış edərək Anadolu Universiteti “Azərbaycan proqramları”nın kollektivinə, Anadolu Universitetinin rəhbərliyinə, aidiyyəti qurumlara minnətdarlıqlarını bildirərək bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbir bədii hissə ilə başa çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə