Rektor II Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı sentyabrın 21-23-də Vyetnamın Vung Tau şəhərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunun işində iştirak edəcək. Universitetdən SİA-ya verilən xəbərə görə, Azərbaycan-Vyetnam Dostluq Forumunun keçirilməsi təşəbbüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məxsusdur. Belə ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı prezident İlham Əliyev Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşdə Azərbaycan-Vyetnam Dostluq Forumunun Bakıda keçirilməsi ilə bağlı AR Təhsil Nazirliyinə və Azərbaycanın Vyetnamdakı Səfirliyinə tapşırıq vermişdir. Bunun əsasında, 1-ci Azərbaycan-Vyetnam Dosluq Forumu 7 may 2015-ci il tarixində müvəffəqiyyətlə keçirilmişdir.

2-ci Forum zamanı vyetnamlı mütəxəssislərin yetişməsində müstəsna rolu olmuş Azərbaycanın üç ali təhsi ocağının, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Vyetnamın Dostluq medalı ilə təltif olunması nəzərdə tutulur.

Dostluq medalı Vyetnamın digər ölkələrlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynamış şəxslərə və təşkilatlara Vyetnam prezidenti tərəfindən verilir. Təltif olunma ilə bağlı hazırda müvafiq prosedurlar həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə