"Regionlarımızda yoxsulluq səviyyəsi xeyli azalıb" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanı ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək məqsədi daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında Mili Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, indiyədək həyata keçirilən dövlət proqramları nəticəsində bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib: “Görülən işlər, həyata keçirilən layihələr nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını xüsusi vurğulayan komitə sədri qeyd edib ki, regionlarımızın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

A. Rəhimzadə qeyd edib ki, uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası nəticəsində ölkədə qeyri-neft sektoru davamlı inkişaf edir, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyəti yüksəldilib: “ Bununla yanaşı, bölgələrdə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində yeni müəssisələr, iş yerləri açılıb, əhalinin məşğulluğunun artırılıb. Bu amillər regionlarımızda yoxsulluq səviyyəsinin xeyli şəkildə azalmasına səbəb olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə