Qəbələdə fərqli “ABAD” satış-sərgi mərkəzi fəaliyyətə başlayacaq

Qəbələ rayonunda fərqli “ABAD” satış-sərgi mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə AZƏRTAC-a müsahibəsində “ABAD” publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Şirinov məlumat verib.

E.Şirinov bildirib ki, Qəbələdə “ABAD” art-kafe konsepsiyası hazırlanıb. Bundan əlavə, yaxın vaxtlarda “ABADçı” ailə təsərrüfatlarının məhsulları böyük otellər şəbəkəsinə təqdim olunacaq. Bu məhsulların xarici bazarlara çıxarılması da planlaşdırılır. “ABADçı” ailələrin məhsullarının satışını asanlaşdırmaq üçün satış portalı da təsis edilib.

Sektor müdiri deyib ki, Azərbaycanın zəngin mədəniyyətinə xas olan, lakin bu gün unudulmaqda olan mədəniyyət, incəsənət nümunələrinin yaşadılması məqsədilə müasir dövrün qabaqcıl texnologiyalarının və dekorativ-tətbiqi xalq sənətkarlığının vəhdətini yaratmaq üçün artıq “ABAD” məktəbi fəaliyyətə başlayıb. Bu, ilk olaraq Qubadakı “ASAN həyat” kompleksində yaradılıb. Gələcəkdə belə məktəblər digər bölgələrdə də fəaliyyətə başlayacaq. Bu məktəblərdə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə yanaşı, “ABAD”ın əsas fəaliyyət istiqamətində nəzərdə tutulmuş nəzəri kurslar da təşkil olunacaq. Sahibkarlıqla məşğul olmaq istəyən vətəndaşlara qanunvericiliyin tələbləri izah olunacaq, sertifikat almaq üçün qaydalar barədə maarifləndirmə işləri aparılacaq. Gələcəkdə “ABAD” öz məhsullarını daha böyük həcmdə və daha geniş təqdim edəcək. İlk dövrlərdə “ABAD” sərgi-satış mərkəzlərinin alıcıları daha çox əcnəbi vətəndaşlar idisə, bu gün yerli alıcıların sayı sürətlə artır.

Xatırladaq ki, “ABAD” publik hüquqi şəxs 2016-cı il sentyabrın 23-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Fərman imzalandıqdan sonra “ABAD” öz fəaliyyətinə pilot layihə çərçivəsində Masallı rayonunda başlayıb. Daha sonra isə 2017-ci ilin avqust ayında Balakəndə regional “ABAD” mərkəzi inzibati binasının açılışı olub. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba şəhərində “ASAN həyat” kompleksinin açılışı oldu. Bu kompleksin tərkibində, həmçinin “ABAD mərkəz” fəaliyyət göstərir. “ABAD” ərzaq məhsullarının istehsalı ilə məşğul olan, habelə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailələrə dəstək göstərir. Bu gün “ABAD”a ərzaq üzrə müraciət etmiş 24 ailə təsərrüfatının 19-nun ailə brendi yaradılıb. Onların məhsulları bazarda öz ailə adları ilə təqdim olunur. Əgər birinci “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başladığı dövrdə orada 60-a yaxın ailənin əl işləri və ərzaq məhsulları sərgilənirdisə, bu gün “ABAD” öz ətrafında artıq 162 ailəni birləşdirib. Onlardan 24-ü ərzaq məhsulları, 138-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində çalışır. Ümumilikdə, “ABAD” tərəfindən ailələrə 22 monoblok-konteyner şəklində istehsal avadanlığı təqdim olunub, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olanlara isə 16 taxta-oyma və xalçaçılıq dəzgahı verilib. İndiyədək “ABAD” 300 min manatdan artıq dövriyyə formalaşdırıb. “ABADçı” ailələrin, ailə təsərrüfatlarının bank hesablarına “ABAD” tərəfindən 200 min manatdan artıq vəsait köçürülüb. “ABAD”a qoşulan ailələr bu gün biznes-planlaşdırma, maliyyə, mühasibat, marketinq, logistika, satışın təşkili ailə brendlərinin yaradılması istiqamətində dəstək alırlar.

“ABAD”ın xaricdəki fəaliyyəti barədə məlumat verən E.Şirinov qeyd edib ki, BMT-də dövlət xidmətləri üzrə konfrans çərçivəsində “ABAD” təqdim olunub. Bundan başqa, “ABAD” əməkdaşları Portuqaliyada keçirilən və əl işlərinə həsr olunmuş yarmarkalarda iştirak ediblər. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində “ABAD” əməkdaşlarının İrlandiyaya səfəri təşkil olunub və burada onlar ailə təsərrüfatlarına dəstək üzrə qabaqcıl texnologiyalarla tanış olublar. “ABAD” Avropa İttifaqının qrant layihəsini qazanıb. Bu qrant layihəsi üzrə imzalanma mərasimi keçirilib. Bu qrant layihəsi çərçivəsində Balakən “ABAD” regional mərkəzi əsas olmaqla “ABAD” Şəki-Zaqatala zonasında 30-dan artıq ailəyə dəstək göstərilməsi nəzərdə tutulub. Bu ailə təsərrüfatlarının məhsulları brendləşdiriləcək və rəqabətqabiliyyətli ailə təsərrüfatına çevrilməsi reallaşdırılacaq. Hazırda BMT-nin İnkişaf Proqramı ilə birgə İsmayıllı rayonunda arıçılığa dəstək üzrə layihə həyata keçirilir. “Ümumilikdə, xarici ölkələrdən Azərbaycana səfər edən nümayəndə heyətləri “ASAN xidmət”in təcrübəsi ilə tanış olurdularsa, bu gün artıq biz “ABAD” layihəsinə olan marağı müşahidə edirik. Onlar artıq “ABAD” haqqında öyrənir və öz ölkələrində bunu tətbiq etməyə maraq göstərirlər”, - deyə E.Şirinov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə