Bu gün Beynəlxalq Muğam Mərkəzində “İnci” qrupunun “World Sacred Spirit” adlı beynəlxalq festivalda iştirakına həsr olunmuş təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir müddət əvvəl Muğam Mərkəzinin dəstəyi ilə Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupunun Hindistanda keçirilən “World Sacred Spirit” adlı tanınmış beynəlxalq festivalda ölkəmizin ifaçılıq məktəbini uğurla təmsil etdiyi xatırladıb.
O, qeyd edib ki, Muğam Mərkəzi Azərbaycan musiqisinin, xüsusilə muğamların, xalq mahnılarının, təsniflərin xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycan musiqisi bir sıra xarici ölkələrdə - İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya, Gürcüstanda və s. özünə böyük auditoriya qazanıb. Əməkdar artisti Təranə Əliyeva rəhbərlik etdiyi qrupun beynəlxalq tədbirlərdə uğurlu çıxışlarından, o cümlədən “World Sacred Spirit” festivalından söhbət açıb. Bildirib ki, qrup festivalın keçirildiyi Hindistanın Naqaur və Mehrangah qalalarında solo konsertlərlə çıxış edib.
Konsertdə “Telli durnalar” türk qrupu ilə “Reyhan” mahnısını ifa ediblər, həmçinin “İnci” qrupunun repertuarında olan “Bayatı-Şiraz” təsnifi və Azərbaycan xalq rəqsi “Nəlbəki” uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunaraq böyük marağa səbəb olub. Sonra “İnci” qrupunun ifasında musiqi nömrələri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə