İsrailin balanslaşdırılmış siyasətini Rusiya çətinləşdirir

Rusiyanın İran PUA-ları ilə Ukraynaya hücumu İsrailin “tərəfsiz” davranış sərgiləməsinə təsir edib. SİA xəbər verir ki, Rusiyanın Ukraynada İran istehsalı olan PUA-lardan istifadə etməsi iki ölkə arasında balanslaşdırılmış siyasət yürütmək istəyən İsraili çətinləşdirir.

Moskvanın Ukraynaya müdaxiləsindən sonra İsrail Kremlə strateji münasibətlərini pozmamaq üçün passiv mövqe nümayiş etdirir. Ukraynaya humanitar yardım göndərsə də, Kiyevin təkid etdiyi hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanı verməkdən imtina edib. O, həm də Rusiyaya qarşı sanksiyalara qərb ölkələrindən daha yumşaq münasibət nümayiş etdirdi.

Amma Moskvanın Tehranla münasibətlərini dərinləşdirməsi İsrailin narahatlığına səbəb olub. İsrail ordusunun sözçüsü general-leytenant Riçard Heçt, İrana məxsus kamikadze pilotsuz təyyarələrin İsrail yaşayış məntəqələri üçün təhlükə olub-olmadığını araşdırdıqlarını açıqlayıb.

İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, ölkəsi Ukraynaya silah satmır və məsələ yalnız tibbi və humanitar yardımla məhdudlaşır.

Qantz "Kol-Hai" radiosuna deyib ki, mən müdafiə naziri olaraq İsrailin silah ixracına cavabdehəm: "Mən açıq şəkildə bildirmək istərdim ki, biz Ukraynaya silah satmamışıq, tibbi və humanitar yardım göstərmişik. Bu aydın olmalıdır. Biz Ukraynaya silah satmamışıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə