Moldovada fövqəladə vəziyyət elan edilib

Moldova hökumətinin təklifi ilə parlamentin plenar iclasında 101 deputatdan 58-nin səsi ilə bu gündən ölkədə 60 günlük fövqəladə vəziyyət elan edilməsi qərara alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə təbii qaz böhranı səbəbindən bu qərar verilib. Moldova baş nazirinin müavini Andrey Spinu yanvarın 17-də verdiyi açıqlamada, "Qazprom"dan alınan təbii qazın qiymətinin ötən ay əvvəlki ayla müqayisədə 44 faiz artdığını və hazırkı müqavilənin müzakirə edilməli olduğunu bildirib. "Qazprom" isə yazılı açıqlamada müqavilə şərtlərində heç bir dəyişiklik olmayacağını və 20 Yanvar tarixinə qədər lazımi ödənişlər edilmədiyi təqdirdə təbii qaz nəqlinin dayandırılacağını bildirib. 2021-ci ilin oktyabrında Moldova ilə "Qazprom" arasında baş vermiş oxşar böhranda da Moldovada fövqəladə vəziyyət elan edilib. Tərəflər arasında keçirilən görüşlər nəticəsində “Qazprom”un nümayəndəsi Sergey Kupriyanov 24 noyabr 2021-ci ildə müqavilə üzrə ödəniş etməyən Moldovaya təbii qaz nəqlini dayandırmamaq qərarına gəldiklərini açıqlayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...