Azərbaycan uzun müddət problemə səbr nümayiş etdirməyəcək - DEPUTAT MÖVQE BİLDİRDİ

"Cənab Prezident yerli KİV-ə müsahibəsi zamanı Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı məsələyə toxundu". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, sülhməramlı qüvvələrin fəaliyyətinin müəyyən istiqamətlərinin Azərbaycanı narahat etdiyini xüsusilə vurğulandı. Burada bugün Azərbaycanın xüsusilə üzərində durduğu məsələlərdən biri Azərbaycanın razılığı olmadan bölgələrə səfərlərin təşkilidir.

Ceyhun Məmmədov bu barədə fikirlərini belə izah edib: "Yəni bu gün də biz zaman-zaman ayrı-ayrı ölkələrin nümayəndələrinin, bu yaxınlarda Fransada prezidentliyə namizəd şəxsin Qarabağa qanunsuz səfərinin şahidi olduq. Əlbəttə, bu birinci dəfə deyil. Bir neçə dəfədir, Azərbaycan bununla bağlı narazılığını və etirazını bildirib. Rusiya tərəfi də bunu nəzərə almalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan orada gedən proseslərə tam nəzarət edir. Bu baxımdan hesab edirəm ki, sülhməramlı qüvvələr Azərbaycanın onların fəaliyyəti ilə bağlı iradlarına diqqətlə yanaşmalıdırlar. Eyni zamanda biz zaman-zaman sülhməramlı qüvvələrin öz fəaliyyətləri ilə məşğul olmadıqlarını görürük. Bir sıra hallarda onların məktəb tikdiklərinin, ərzaq payladıqlarının, məktəblərdə tədbirlər keçirdiklərinin, müxtəlif heykəllərin açılışını təşkil etdiklərinin şahidi oluruq. Sülhməramlı qüvvələrin əsas fəaliyyəti gördüyü iş iki xalq arasında sülhün, etimadın və əmin-amanlığın bərpası olmalıdır. Yəni sülhməramlı missiya digər fəaliyyətlərlə məşğul olmalı deyil. Xüsusilə də, ayrı-ayrı xarici ölkələrin vətəndaşlarının ora səfərlərinə şərait yaratmamalıdır. Bu baş verəcəksə, o zaman Azərbaycan Laçın dəhlizində nəzarəti öz üzərinə götürərək bu prosesə tam nəzarətini təmin edə bilər. Bu nəzərə alınmalıdır. Azərbaycan uzun müddət problemin bu formada davam etdirilməsinə səbr nümayiş etdirməyəcək. Bunu hər kəs nəzərə almalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə