Kanada Baş naziri: Köhnə dünya nizamı geri qayıtmayacaq...

Mark Karni Qrenlandiya və NATO-ya dəstəyini ifadə etdi...

...Kanadanın Baş naziri Mark Karni güclü ölkələrin öz maraqlarına çatmaq üçün iqtisadi təsirlərdən istifadə etdiyini bildirib və Qrenlandiya, eləcə də NATO-ya dəstəyini bir daha təsdiqləyib.

O, əlavə edib ki, dünya dərin bir bölünmə yaşayır və əvvəlki qlobal nizama qayıdış olmayacaq. O, bu açıqlamanı Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən "orta ölkələri" daha sıx əməkdaşlıq etməyə çağırıb.

...Orta ölkələr birlikdə hərəkət etməlidirlər, çünki əgər biz masada deyiliksə, menyudayıq, - deyə Karni vurğulayıb və əlavə edib ki, aparıcı güclər siyasi məqsədlərə çatmaq üçün getdikcə daha çox iqtisadi təzyiqdən istifadə edirlər.

SİA xəbər verir ki, Karni ABŞ Prezidenti Donald Trampın adını çəkməsə də, onun sözləri Vaşinqtonun Qrenlandiya məsələsini müzakirə etməkdən imtina etdikləri təqdirdə Avropa müttəfiqləri və Böyük Britaniyaya tarif tətbiq etməklə bağlı təhdidləri fonunda səslənib.

Kanadanın Baş naziri Qrenlandiya, Danimarka və NATO-ya dəstəyini bir daha təsdiqləyib və tamaşaçılardan alqışlar alıb. Karninin sözlərinə görə, dünya "keçid dövründə deyil, bölünmə vəziyyətindədir". O, qeyd edib ki, böyük güclər iqtisadi inteqrasiyanı silahlandırır, tariflərdən təsir gücü, maliyyə infrastrukturundan məcburiyyət vasitəsi və təchizat zəncirlərindən zəiflik kimi istifadə edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə