Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb

Misirin “əl-Cumhuriyyə” qəzetində 20 Yanvar faciəsinin 36-cı ildönümü barədə məqalə nəşr edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə məlumat verilir. “Bu gün Azərbaycan 36 il əvvəl paytaxt Bakıda sovet qüvvələri tərəfindən törədilən qırğın qurbanlarının xatirəsini anır. Həmin gün müstəqillik istəyi ilə dinc nümayişə çıxan Azərbaycan xalqının övladları həlak olub, yüzlərlə insan yaralanıb”, - deyə məqalədə vurğulanır.

Qeyd olunur ki, Azərbaycan xalqı istiqlalı və azadlığı yolunda fədakarlıq göstərib, onun övladları bu yolda öz canlarından keçiblər. Bu, 1918-ci il mayın 28-də yaradılmış və qısa müddət mövcud olmasına baxmayaraq, ölkədə və İslam Şərqində nümunəvi işlər görmüş Azərbaycan Demokratik Cümhuriyyətindən sonra müstəqilliyin bərpası idi.

Məqalədə, həmçinin torpaqlarımızın düşmən tapdağından azad olunmasının Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində təmin edilməsi ilə nəticələndiyi də qeyd olunur.

Yazıda Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin möhkəmləndirilməsində fədakar fəaliyyəti xatırlanır. Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi, siyasi və hərbi cəhətdən inkişaf etmiş müasir dövlətə çevrilməsində və onun beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsində mühüm rolu qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə