Ankarada Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) “Şuşa” Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin təşkilinə ölkəmizin Türkiyədəki səfirliyi, TADİV, Qazaxıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri, həmçinin TÜFED federasiyası təşkilati dəstək göstərib.
Tədbirdə Türkiyənin Xarici İşlər Nazirliyinin əməkdaşları, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, diplomatlar, alimlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən TBMM-in Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 1990-cı ilin Yanvar hadisələrini Bakıda və Azərbaycanın digər şəhərlərində “Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi” adlandırıb.
“20 Yanvar bütün Türk dünyası üçün dərin hüzn tarixidir. Bu gün biz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini dərin minnətdarlıqla yad edirik”, – deyə o bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Ərtan Qərib isə müasir Azərbaycanın inkişaf mərhələlərinə diqqət çəkərək, ölkənin güclü və nüfuzlu dünya dövlətləri ailəsinin üzvünə çevrildiyini vurğulayıb.
“Qanlı Yanvar” hadisələri Türk dünyasının ortaq yaddaşında dərin iz buraxıb. Bütöv bir xalqın azadlıq iradəsini qırmaq, milli ruhuna zərbə vurmaq cəhdi edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dözüm nümayiş etdirib və 20 Yanvar tarixi qəhrəmanlıq simvolu kimi salnaməyə daxil olub”, – deyə türkiyəli diplomat bildirib və şəhidlərin xatirəsinin daim uca tutulmasına və gələcəkdə faciələrin təkrarlanmamasına çağırıb.
Sonra Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun, TADİV-in rəhbəri, professor Aygün Attarın, ŞKTC-nin Ankaradakı səfiri İsmət Korukoğlunun, İraq parlamentində türkmən fraksiyasının rəhbəri, Kərkükdən deputat Ərşad Salihinin iştirakı ilə panel müzakirə təşkil olunub.
Səfir R.Məmmədov qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan tarixinə azadlıq və müstəqillik uğrunda mübarizənin parlaq və şanlı səhifəsi kimi daxil olub.
O xatırladıb ki, artıq 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciəni pisləyən bəyanatla çıxış edib, informasiya blokadasını yararaq baş verən hadisələr barədə dünya ictimaiyyətinə həqiqəti çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB