Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, nazir son günlər doqquz vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını açıqlayıb.

"Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib.

İstanbul Baş Respublika Prokurorluğu bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu və digər onlarla şəxsin saxlanılması üçün order verib. Onlar Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən cinayətkar təşkilatlara rəhbərlik və onlarla əlbir olmaq, terrorizm, rüşvətxorluq, dələduzluq, şəxsi məlumatlara qanunsuz giriş, tenderlərin keçirilməsi zamanı qanunsuz əməllər törətməkdə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə