İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürüldükdən sonra Yəhya Sinvar HƏMAS-ın siyasi lideri təyin edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yəhya Sinvar 1988-ci ildən 2011-ci ilə qədər təxminən 23 il İsrail həbsxanalarında qalıb. Sinvar siyasi büro rəhbəri Haniyədən sonra təşkilatın iki nömrəli adamı kimi görünürdü. Haniyə Qətərdə sürgündə yaşadığı üçün Sinvar Qəzzanın faktiki hökmdarı idi.
İsrailin “dövlət düşməni” elan etdiyi Sinvar İsrail Müdafiə Qüvvələrinin (IDF) axtarışda olanlar siyahısında birincilər sırasındadır.
2015-ci ildə o, ABŞ-ın beynəlxalq axtarışda olan terrorçular siyahısına daxil edilib. 1962-ci ildə Qəzza zolağının cənubundakı Xan Yunis Qaçqınlar Düşərgəsində anadan olan Sinvar geniş şəkildə Əbu İbrahim kimi tanınır. İsraildə onu “Xan Yunusun qəssabı” kimi tanıyırlar. 1980-ci illərin sonunda HƏMAS-a qoşulan Sinvar ilk olaraq təşkilatın daxili təhlükəsizlik bölməsi Əl-Məcidin rəhbəri olub. Sinvar uzun illər İsrail həbsxanalarında qalıb. O, ilk dəfə 1982-ci ildə “İslami fəaliyyət”ə görə saxlanılıb. O, 1988-ci ildə həbs olunduqdan 2011-ci ildə kütləvi məhbus mübadiləsi razılaşmasına qədər 23 il İsrail həbsxanalarında keçirib. İsrail 5 il girovluqda olan Həmas əsgəri Gilat Şaliti azad etmək üçün 1027 məhbusu azad edib. Bu məhbuslardan biri də Sinvər idi. Sinvar 2013-cü ildə HƏMAS-ın Qəzza zolağı üzrə Siyasi Bürosuna seçilib. 2017-ci ildə büro rəhbəri olan Sinvar təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə siyasi qanadı arasında körpü rolunu oynayıb. Sinvarın liderliyində Qəzzadakı heyətin təşkilat daxilində ön plana çıxacağı gözlənilir. Bu səbəbdən təşkilat daxilində daxili dinamikanın dəyişə biləcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə