Xəstəxana otağında universitetə hazırlıq

Xəstəxana otağında universitetə hazırlıq

Türkiyənin Van Yüzüncü İl Universiteti Dursun Odabaş Tibb Mərkəzində qan xərçəngindən müalicə alan 12-ci sinif şagirdi İlayda Öztürkçü könüllü müəllimlərin xəstəxanada verdiyi təhsillə universitetə hazırlaşır.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Bitlisin Adilcevaz rayonunda yaşayan gənc qız iki ildir ki, qan xərçəngindən müalicə olunur.

Həftə içi hər gün könüllü müəllimlər İlaydanın universitet imtahanına hazırlanmasına kömək edirlər. Gənc qız sağlamlığına qovuşub universitetə qəbul olmaq, xəyalını qurduğu İngilis dili müəllimi olmaq üçün ilk addımı atmaq istəyir. İlayda Öztürkçü: "Məni ən çox kədərləndirən məktəbimdən uzaq düşmək idi. Məktəbini çox sevən bir şagirdəm. Xəstəliyimi öyrənəndə həkimimə təhsilimə burada davam etmək istədiyimi dedim. O da məktəbdən geri qalmayacağımı dedi. Elə də oldu. Dərslərimə çalışıram. İyunda universitet imtahanına girəcəyəm. Uğur əldə etməyi hədəfləyirəm. İngilis dili müəllimi olmaq istəyirəm".

Ana və atasının bu müddətdə ona ən böyük dəstəyi verdiklərini deyən gənc qız müalicəsinin xaricində dərs oxuduğunu, könüllü müəllimlərin köməyi ilə mövzuları bitirməyə çalışdığını deyib. O deyib ki, xəstəliyi ikinci dəfə məğlub etməklə hamıya ümid olacaq. Qız xəstəxananın internetindən istifadə edərək dərs videolarını izləyir, çətinlik çəkdiyi mövzuları isə müəllimlərin dəstəyindən istifadə edərək həll edir. Hamının ona kömək etdiyini bildirib.

"Müalicəyə gözəl cavab verir"

Baş həkim, professor Dr. Kamuran Karaman İlaydanın vəziyyətinin yaxşılaşdığını bildirib. Həkim deyib: "Uzun müddət müalicə almalı olduğu üçün məktəbdən uzaq düşdü. Müəllimləri ilə etdiyimiz görüşmələrdə dərslərinin yaxşı olduğunu öyrəndik. İngilis dili müəllimi olmaq istəyir. Müəllim olub xəstə uşaqlara könüllü kömək edəcəyinə inanırıq. Müalicəsində sona yaxınlaşırıq. Könüllü müəllimlərə və tibb işçilərinə təşəkkür edirəm".

"Uşaqlarımı oxutmağa çalışıram"

Anası Şükran Öztürkçü 4 qızı olduğunu bildirib. O deyib ki, ən böyüyü İlaydadır: "İlaydanın sağlamlığı gün keçdikcə yaxşılaşır. Eyni zamanda təhsilindən də geri qalmır. Könüllü müəllimlər hər gün buraya gələrək qızıma dərs keçirlər. Bizə kömək edirlər. Allah hamıdan razı olsun".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə