Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini, İsrailin Qəzza zolağına 3 həftədir təşkil etdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Lazzarini BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında Qəzzada yaşananları qiymətləndirib.
F.Lazzarini son 3 həftədə Qəzzada öldürülənlərlə bağlı deyib: “Onların təxminən 70 faizi uşaq və qadınlardır''.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel də İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 3400-dən çox uşağın öldüyünə, 6300-dən çox uşağın isə yaralandığına diqqət çəkib.
K.Russel deyib:“Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır''.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi də İsrailin 7-26 oktyabr tarixləri arasında Qəzzaya təşkil etdiyi hücumlarda həlak olanlarla bağlı 212 səhifəlik hesabat dərc edib.
Hesabata görə, 7-26 oktyabr tarixləri arasında İsrailin hücumlarında ölən 7028 nəfərdən 2913-ü uşaqdır.
İsrailin hücumlarında 133-ü bir yaşa qədər, 153-ü 1 yaşında, 158-i 2 yaşında olmaqla 444 körpə həyatını itirib.
İsrail bombardmanlarında 171-i 3 yaşında, 1527-si 4-13 yaşında, 523-ü də 14-17 yaşında uşaq həyatını itirib.
Hücumlar zamanı həlak olanların 2262-si qadın, 462-si də 60 yaşdan yuxarı olan insandır.
Hesabatda hücumlarda ölən 281 nəfərin şəxsiyyətinin müəyyən edilə bilmədiyi qeyd edilib.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB