İordaniya Aqaba iclası ilə bağlı açıqlama verdi

İordaniyanın xarici işlər naziri Eymen əs-Safedi dünən Aqaba şəhərində Fələstin və İsrailin, həmçinin Misir, İordaniya və ABŞ-ın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən görüşlə bağlı yazılı açıqlama verib. SİA xəbər verir ki, iclasda alınan qərarlarla bağlı Safedi, "İştirakçı tərəflərin dərc etdiyi Aqaba Bəyannaməsi həyata keçirildiyi təqdirdə gərginliyi azaldacaq və hərtərəfli siyasi fəaliyyətə səbəb olacaq mühüm maddələr ehtiva edir" ifadələrini işlədib.

Aqaba görüşünün əhəmiyyətinə işarə edən Safedi, "Bu, pis tendensiyanın dayandırılması və iki dövlətli həllə əsaslanan ədalətli və qalıcı sülhə doğru irəliləmək üçün çətin yolda atılan əhəmiyyətli bir addımdır” deyib.

Bölgədəki gərginliyin azaldılması üçün iki dövlətli həllə xələl gətirən təktərəfli təcrübələrin və şiddətə səbəb olan təxribatçı hərəkətlərin dayandırılması lazım olduğunu vurğulayan Safedi, İordaniyanın sülhün təmin edilməsi üçün siyasi səylərini davam etdirəcəyini təkrarlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə