“Azərbaycan öz qardaşına yardım əlini uzatmaqdan heç vaxt çəkinmir” - TƏLƏBƏLƏR ARASINDA SORĞU

“Azərbaycan öz qardaşına yardım əlini uzatmaqdan heç vaxt çəkinmir” - TƏLƏBƏLƏR ARASINDA SORĞU

Bildiyimiz kimi, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Türkiyənin bu çətin günündə Azərbaycan hər zaman olduğu kimi. yenə də bütün qüvvəsini səfərbər edib. Bu, bizim birliyimizin sübutudur. Bəs, yardımda iştirak edən gənclər bu barədə nə düşünür? SİA mövzu ilə bağlı tələbələr arasında sorğu keçirib.

BDU Jurnalistika fakültəsi tələbəsi Ləman Babayeva: “Qardaş Türkiyənin bir çox yerlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsayılı dağıntılar və insanların həlak olması Azərbaycan millətini çox kədərləndirdi. Hər bir Azərbaycan vətəndaşı 6 fevraldan etibarən gözünə yuxu girmədən Türkiyə üçün səfərbər oldu. Hətta Bakıda yardım üçün 4 məntəqə yaradılıb. Babək prospektində edilən yardımlara mən də qoşulmuşam. Qardaş ölkə üçün lazımi ərzaqları, isti geyimləri bacardığım qədər təmin etməyə çalışmışam. Azərbaycan öz qardaşına yardım əlini uzatmaqdan heç vaxt çəkinmir, hətta tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan iki təyyarə göndərib. FHN, Azərbaycan xilasediciləri də dağıntılar altından insanları çıxarmaqda fəal iştirak edir. Bütün bunlar hamısı bizim “Bir millət, iki dövlət” olduğumuzu bir daha bütün dünyaya əyanı şəkildə göstərir. Bu fani, təbii fəlakətlərin baş alıb getdiyi dünyada sevdiklərinizin qədrini, qiymətini bilin. Sonra gec, bəlkə də heç olmaya bilər…”.


BDU Filologiya fakültəsi tələbəsi Emiliya İsmayılova: “Qardaş Türkiyədə baş verənlər məni dəhşətə gətirdi. Xəbərləri izləyərkən çox böyük məyusluq yaşadım. İnsanların çarəsiz olduğunu gördüm. Biri öz övladını, biri valideynlərini, digər də yoldaşını və yaxınlarını itirmişdi. Bir daha şahid olduq ki, bir neçə saniyə içində insanın həyatı məhv ola bilərmiş.

Bildiyimiz kimi, bir çox ölkə Türkiyəyə dəstək göstərdi. Təbii ki, onun içində Azərbaycan da var idi. Mən düşünürəm ki, bu, çox vacib məqamdır. Hər bir ölkədə bu hadisə baş verə bilər və dəstək olmaq lazımdır. Xalqımız bacardığı qədər yardım etməyə can atır. Yaxşı ki, yardım etməyi bacaran insanlar var”.

BDU Jurnalistika fakültəsi tələbəsi Məhəbbət Məmmədov: “Qardaş Türkiyədəki zəlzələ məni dərindən sarsıtdı. Oradakı qardaş, bacılarımızın dağıntılar altında çəkdikləri əziyyəti, sanki biz də hiss edirik. Əlimizdən gələn nə varsa edirik. Türkiyə üçün səfərbər olmuşuq. Yaradılan yardım məntəqələrindəki yardımlar xalqımızın türk xalqının yanında olduğunun bir sübutudur”.

BDU Sabah qrupları Biologiya müəllimliyi tələbəsi Elnarə Nəsibova: “Türkiyədəki təbii fəlakət nəticəsində baş verənlər hamımızı dərindən sarsıtdı. Qardaş ölkənin belə vəziyyətdə olması bizi çox narahat edir.

BDU Sabah qrupu olaraq Türkiyə üçün həm maddi, həm də mənəvi dəstək olmağa çalışırıq. Azərbaycan xalqının belə bir gündə birlik olub əllərindən gələni etdiyini görmək bizi qürurlandırır.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. İnşallah itkin düşən hər kəs öz ailəsinə qovuşar”.

BDU Jurnalistika fakültəsi tələbəsi Fatimə Əzizli: “Türkiyədə baş verən zəlzələ bizi çox kədərləndirdi. Baş vermiş təbii fəlakətdə olan insanların hər biri bizə əzizdir. Qardaş ölkəmizin dərdi bizim dərdimiz, bizim acımızdır. Hal-hazırda bütün xalqımız əlindən gəldiyi köməyi göstərir, yardım etməyə çalışır, heç kim bu mövzuya biganə qalmır. Yaşadığım qəsəbədə, yəni Buzovnada hal-hazırda yardım toplanır. Hər kəs öz öhdəsinə düşəni edib, birlikdəliyini göstərir. Bizə dua etmək, kömək göstərmək qalır. Allahın izni ilə qardaşlarımızın xoş xəbərlərini alacağıq”.

UNEC magistr tələbəsi Arifə Hüseynzadə: “Uşaqların valideynsiz, ailələrin övladsız qalmalarına çox üzülürəm. Bütün bunların nəticəsində bir daha həyatda heç nədən sığortalanmadığımızı, səhər nə olacağını bilmədən yaşadığımızı başa düşdüm. Ən əsası isə həyat kiməsə küsmək və kin saxlamaq üçün çox qısadır”.

ADPU magistr tələbəsi Fidan Nemətli: “Bu dəqiqə Türkiyə Cümhuriyyətində çox çətin günlər yaşanır, hər birimiz bunun şahidiyik. Çox təəssüflər olsun ki, həlak olanların sayı hər gün, hər saat artır. Yaralıların da sayı az deyil. Əlimizdən gələn, sadəcə, maddi və mənəvi dəstəkdir. Bir çox universitetlərdə artıq yardım aksiyaları başlayıb, o cümlədən, mənim hazırda magistratura üzrə təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji Universitetində də yardımlar başlayıb. Mən də əlimdən gələn qədər öz dəstəyimi göstərdim. İnşallah ki, tez bir zamanda qardaş ölkə bu bəladan qurtarar. Həlak olanlara Allahdan rəhmət, yaralılara isə güc qüvvət diləyirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə