"Hər bir Qərbi Azərbaycanlının canı öz yurdundadır" - MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Zəngəzur mahalı, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri, şair-publisist Azadə Novruzovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Azadə xanım, Qərbi Azərbaycan ədəbiyyatını necə təqdim edərdiniz?

- Qərbi Azərbaycan ədəbiyyatı bütövlükdə Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Qərbi Azərbaycan ədəbiyyatının xeyli hissəsi bizdən uzaqdadır və bu ədəbiyyat da bizim kimi ruhən əsir qalıb. Doğrudur, biz hara getmişiksə, ədəbiyyatımızı da ora aparmışıq. Amma məlumdur ki, Qərbi Azərbaycan ədəbiyyatı o torpaqlarda yaranıb. Ona görə də o yerlərə məxsusdur. Bu ədəbiyyat oranın havasının, torpağının, mədəniyyətinin məhsuludur. Hansı yerə getsək də, biz o yerin ab-havası içindəyik, biz oranın ruhunu daşıyırıq. Qərbi Azərbaycandan deportasiya olunun hər bir insanın canı oradadır. Vətənimizə bağlıyıq. Torpaqlarımıza qayıtmaq yolunda israrlıyıq.

- Qərbi Azərbaycan İcması bu ədəbiyyatın təbliği istiqamətində hansı işlər görür?

- Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşdə görəcəyimiz işləri ayrı-ayrılıqda vurğuladı. Onun çıxışı əsasında Qayıdış Konsepsiyası hazırlandı. Həmin görüşdə xalq şairimiz Vahid Əziz öz çıxışına Göyçə mahalından bəhs edən şeir ilə başladı. Bu o demək idi ki, Qərbi Azərbaycan ədəbiyyatının da təbliği, bugünkü gündə dünya ictimaiyyətinə, o cümlədən, milli ədəbi mühitimizdə tanıdılması və inkişafı da həmin konsepsiyada öz əksini tapır. Bu konsepsiya hazırlanmadan öncə 2021-ci ildə Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı cənab Prezident sərəncam vermişdi. Bu sərəncamdan sonra ardı-arası kəsilmədən silsilə tədbirlər keçirildi. Qərbi Azərbaycan İcması da bu yubiley ilə bağlı bir neçə elmi və mədəni konfranslar həyata keçirdi. Sərəncam çərçivəsində tədbirlərin həyata keçirilməsindən sonra Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması qərarı verildi və bu istiqamətdə proses başlanılıb. Bütün bunlar Qərbi Azərbaycan ədəbiyyatına dövlətin qayğısı, onun təbliği istiqamətində atılan addımlardır. Eyni zamanda, bu yaxınlarda İcmada Qərbi Azərbaycandan olan yaradıcı insanların iştirakı ilə geniş tərkibdə iclas keçirildi. “Ədəbi İrəvan” almanaxının yenidən çap olunması nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

- Sizcə, Qərbi Azərbaycan yaradıcıları həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün hansı işlər görməlidir?

- Bugünkü şərait onu tələb edir ki, hər bir Qərbi Azərbaycanlı özü-özünü təqdim etsin. Təqdim olunduğumuz yerdə bizim Qərbi Azərbaycanlı olduğumuz işıqlandırılmalıdır. Çünki biz toponimlərimizi hallandırmaqla, o torpaqlardan deportasiya olunduğumuzu diqqətə çatdırmaqla olduğumuz mühiti həqiqətlərlə tanış etmiş oluruq. Hər kəs bilməlidir ki, bizim Qərbi Azərbaycan kimi haqlı məsələmiz var bu məsələnin həllində iddialıyıq.

- Bəs siz Qərbi Azərbaycan probleminin dünyaya çatdırılması ilə bağlı necə bir fəaliyyət göstərirsiniz?

- Bu yaxınlarda Təbrizdə bir kitabım çap olundu. Olduğumuz yerlərdə avtobioqrafiyamızı çap etməklə bilməyənlərə də Qərbi Azərbaycandan olduğumuzu, o yerlərin bizim qədim torpaqlarımız olduğunu aşılayırıq. Mən Bakıda yaradıcı insanlar arasında keçirilən beynəlxalq festivalda iştirak edərkən nə üçün Vətənə bu qədər bağlı olduğumuzla bağlı sual verildi. Cavabında isə Vətən həsrəti ilə yaşadığımızı qeyd etdim. Bundan əlavə bu il Misirdə ədəbiyyat və tənqid jurnalında ərəb dilinə tərcümə edilərək şeirlərim çap olundu. O şeirlərdə də Vətən barədə, Zəngəzurum barədə duyğularımı əks etdirmişəm. Demək istəyirəm ki, biz yaradıcı insan olaraq dünyanı dolaşırıq və Qərbi Azərbaycanlı olduğumuzu da həmin insanlara təqdim edirik. Hansı sahədə çalışmağımızdan asılı olmayaraq qarşımızda duran Qərbi Azərbaycana qayıdış problemini özümüzə yük edib bütün dünyanı dolaşmalıyıq.

- Bir yaradıcı insan kimi Qərbi Azərbaycanla bağlı arzunuz nədir?

- Arzumdur ki, biz Qərbi Azərbaycanda Aşıq Ələsgərin poeziya günlərini təşkil edək. Yaradıcı bir insan olaraq bu, mənim istəyimdir. Düşünürəm ki, bu istəyim gerçəkləşəcək. Necə ki biz Şuşamızda Vaqifin poeziya günlərini keçiririk, eləcə də əziz Göyçəmizdə də Aşıq Ələsgərin poeziya günlərini keçirəcəyik. Orada yalnız Qərbi Azərbaycandan olan ziyalılarımız deyil, bütün türk dünyasından olan ziyalılar toplaşacaq. Çünki Dədə Ələsgər həm də bütövlükdə türk dünyasının yaradıcı ozanı olub. Onun yaradıcılığa hansı tərəfdən baxsaq, Azərbaycanın bütövlüyünü görə bilərik.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə