Bu, Çin-Azərbaycan münasibətləri tarixində mühüm mərhələ və simvol oldu

Su Tao: Prezident İlham Əliyevin Çinə səfərini ölkələrimizin tarixində mühüm mərhələ kimi görürəm

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çox əlamətdar tarixi hadisədir. Böyük Xalq Sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi. Bu, Çin-Azərbaycan münasibətləri tarixində mühüm mərhələ və simvol oldu.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao Prezident İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən deyib.

Ekspert Prezident İlham Əliyevin dövlət səfəri zamanı çox mühüm nəticələr əldə edildiyini, ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlığa yüksəltmək üçün imzalanan bəyannamənin mühüm sənəd olduğunu bildirib. Qeyd edib ki, bu sənəddə iki ölkənin əməkdaşlığı daha da gücləndirəcəyi sahələr aydın göstərilib.

“Bundan əlavə, Sədr Si Cinpin və Prezident Əliyev çox mühüm danışıqlar aparıblar. Xüsusilə qeyd edim ki, Prezident Əliyev Azərbaycanın “Vahid Çin” siyasətini və Çinin separatizmə qarşı mövqeyini qəti şəkildə dəstəklədiyini bir daha vurğulayıb”, - deyən Su Tao əlavə edib ki, Sədr Si Cinpin Azərbaycanla, xüsusən də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan Cənubi Qafqaz regionunda çox strateji mövqeyə malikdir. Hazırda Avrasiya regionunda çoxsaylı nəqliyyat dəhlizləri inkişaf etdirilir. Onların arasında çox mühüm layihələrdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhlizdir. Çin bu layihəni güclü şəkildə dəstəkləyir. İnanıram ki, Çin ilə Azərbaycan arasında bu mühüm sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Bu, hər iki ölkənin inkişafı və ikitərəfli münasibətlərin genişlənməsi üçün çox faydalı olacaq. Ona görə də mən Prezident İlham Əliyevin Çinə səfərini Çin-Azərbaycan münasibətlərinin tarixində mühüm mərhələ kimi görürəm, - deyə çinli ekspert bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə