Azərbaycanın 4-cü peyki hansı yeniliklərə səbəb olacaq? - DETALLAR - İKT ÜZRƏ EKSPERT ŞƏRH ETDİ

"Dördüncü peyk Yerin müşahidəsi məqsədi ilə nəzərdə tutulur. Əlbəttə ki, bu peykin xidmətlərindən ölkəmiz özü də yararlanacaq. Amma, bu xidmət digər ölkələrin də marağındadır. Odur ki, bu sahədə hazırda aparılan bazar araşdırması yeni iqtisadi dəyərlərin yaradılmasına, həmçinin ölkəmizin bu sahədə mövqeyininin güclənməsinə hesablanır". Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Rəşad Cəfərov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında cənab Prezidentin Sərəncamı var: "Dövlət Proqramının əsas məqsəd və vəzifələrində də gözləntilər qeyd olunur. Bu proqramın məqsədi ölkədəki sosial-iqtisadi və texnoloji inkişafı dəstəkləmək, “Azersky”, bu 4-ci peyk, həmçinin digər resurslardan optimal istifadə etməkdir. Peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə iqtisadi dəyər yaratmaq, iqtisadi və texnoloji mühiti formalaşdırmaq, elmi tədqiqatların səmərəliliyini artırmaq mümkün olacaq. Peyk müşahidəsi kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində, fövqəladə halların idarə olunmasında, hasilat sənayesində, su təsərrüfatında, nəqliyyat və yol infrastrukturunun inkişafında, turizm, xəritəçəkmə, kadastr və digər sahələrin inişafında öz töhfəsini göstərməklə yeniliklərin yaranmasına səbəb olacaq. Bütün bunlar ölkədən beyin axınının qarşısının alınmasına da təsir göstərəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə