İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır. Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir.

Elektron dövlətin yaradılması

“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Ölkənin şəbəkələşməsi, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir. Elektron dövlət yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Azərbaycanda bu iş tam qənaətbəxşdir.

“ASAN” Beynəlxalq Assosiasiyası beynəlxalq statuslu təşkilata çevriləcək

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə önəmli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.

Artıq ASAN Beynəlxalq Assosiasiyası beynəlxalq statuslu təşkilata çevriləcək. Assosiasiyanın yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Hazırda ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “ASAN Beynəlxalq Assosiasiyası Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış təşkilatdır. Onun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin, modellərin təşviqi və digər ölkələrdə tətbiqidir. “ASAN xidmət”in təşəbbüslə çıxış etməsi onun digər ölkələrdə tətbiqinə şərait yaradacaq”.

Kosmik sənayenin inkişafı

Azərbaycan tarixinin önəmli layihələrindən biri olan "Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu "kosmik klub”a üzv olub. Uzaq olmayan keçmişə nəzər salsaq görərik ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına başlanılıb. Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçməyib, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik və təcrübənin itirilməsinə səbəb olub. Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.

"Azerspace-1” peyki ilə yanaşı, "Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən "Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. "Azerspace-1"in ardınca, ölkəmizin 3-cü peyki orbitə çıxarılıb.

"Azerspace-2" adı verilən peykin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb. Dövlət başçısı bildirib ki, son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: "Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir".

Dördüncü sənaye inqilabı

Dördüncü sənaye inqilabı məişətdə, sənayedə və digər sahələrdə istifadə etdiyimiz hər şeyin elektronlaşması və internetə çıxış imkanının olmasıdır bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: “Dördüncü sənaye inqilabı o deməkdir ki, hər yer rəqəmsallaşacaq. Telefon bu dəqiqə sizin əlinizdədirsə, dördüncü sənaye inqilabı odur ki, telefon sizin əlinizdəki dərinin altında olacaq. Əvvəlki sənaye inqilablarından fərqli olaraq dördüncü sənaye inqilabında dəyişikliklər daha sürətli olacaq. Əvvəlki inqilablar arasında daha çox zaman fərqi olub, ilk üç sənaye inqilabı arasında 100 ilə yaxın zaman fərqi olub. Dördüncü sənaye inqilabı dövründə rəqəmsallaşma artacaq, ətrafımızdakı əşyaların internetə inteqrasiyası güclənəcək. Evinizdə və ofisinizdə nə varsa, hamısı internetə qoşulacaq. Soyuducudan, qaz pilətəsinə, hamamdakı su isidicisinə qədər hər bir əşya internetə qoşula biləcək və elektron şəkildə idarəetmə sisteminə malik olacaq. Artıq əvvəlki yüzillikdən əsər-əlamət qalmayacaq. Bu dövrə hazır olmaq lazımdır. Dəyişiklik çox sürətli olacaq. Hazırda əsas problem bu dəyişikliklərə uyğunlaşmaqdan ibarətdir. Bu dəyişikliklər bir insan ömründə baş verəcək. O səbəbdən bu prosesdən geri qalmamaq lazımdır. Həm əmək qabiliyyəti baxımından, həm psixoloji baxımdan hazırlıq tələb edir".

İnformasiya müharibəsi

Bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Kompüter və internet isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən əsas amillərdən biri, Azərbaycan, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytların və səhifələrin olmasıdır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdən biridir.

Son vaxtlar xaricdə ermənilərin nəzarəti altında olan media orqanlarının Azərbaycanla bağlı yaydığı dezinformasiyaların sayı kəskin şəkildə artıb.

Yalan informasiyalar əsasən Ermənistan dövləti, erməni diasporu və lobbisinin birbaşa tapşırığı və nəzarəti altında tirajlanır. Ermənistanda və xaricdə yaşayan ermənilər Azərbaycan barədə yalan informasiyaları “aprel müharibəsində” məğlub olduqdan sonra daha da artırıb. Demək olar ki, hər gün xarici mətbuatda erməni lobbisinin tapşırığı ilə ölkəmizlə bağlı yalan məlumatlar yazılır. Belə məlumatların hər gün daha da artması bəzi suallar ortaya çıxarır. Xaricdə erməni lobbisi və diasporu ilə informasiya müharibəsi aparmaq üçün birbaşa məhsul olan qurumlar var və bu qurumların xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarına dəstək verməsi məqsədəuyğun olardı. Erməni lobbisinin Azərbaycanla bağlı hər gün artan yalan məlumatları ilə müqayisədə bunu heç də müsbət qiymətləndirmək olmaz. Hər kəsə məlumdur ki, ermənilər döyüş meydanında Azərbaycana qalib gələ bilmir. Ermənilər həmişə Azərbaycan qarşı qərəzli müharibə aparıblar. Onlar bizdən aprel məğlubiyyətinin əvəzini hər nə yolla olur olsun çıxmağa çalışırlar.

Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi. Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxardı. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Mamed Bağırov

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanmışdır.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə