"Təsəvvür edin ki, kimsə adını "Kaktus" qoyur və dövlət bu hesabları sertifikatlaşdırır". Bu sözləri SİA-ya "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Azərbaycanda messencerlərin və sosial şəbəkələrin sertifikatlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələni Azərbaycan Respublikasının qanunvericiliyinə görə həyata keçirmək lazımdır: "Məsələ kifayət qədər mürəkkəbdir. Burada ziddiyyətli məqamlar da çoxdur. Əsasən də sosial şəbəkələrdə istifadə olunan informasiyaların fərdi olub-olmaması əsas müzakirə obyektinə çevrilir. Ola bilsin ki, burada kimsə başqa bir adla qeydiyyatdan keçir və dövlət bunu sertifikatlaşdırır. Tutaq ki, sizin "Skype"da adınız "kapadok"dur və ya elə adam var ki, "Facebook"da adı "kaktus"dur. Əgər burada olan informasiyalar fərdi informasiya statusu daşıyırsa, o zaman bu məsələ başqa bir müstəvidə müzakirə olunmalıdır. Azərbaycan məsələyə başqa bir müstəvidən yanaşmalı, bu kimi qurumların fəaliyyəti daha da genişləndirilməlidir. İstənilən halda biz bu qurumların normal fəaliyyətinə mane olmamalıyıq. Misal olaraq qeyd etmək istəyirəm ki, İlk Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq aləmdə gedən informasiya müharibəsində qalib gəlməsinin əsas səbəblərindən biri də sosial media oldu. Azərbaycanı boykot edən, sıxışdıran ölkələrə Azərbaycan xalqı səsini sosial media vasitəsilə çatdırdı. Buna görə də biz elə addımlar atmalıyıq ki, sosial medianın Azərbaycanda fəaliyyəti məhdudlaşmasın. Əksinə, daha da inkişaf etsin. Digər tərəfdən sosial şəbəkələrə biznes nöqteyi-nəzərdən də yanaşmalıyıq. Azərbaycan burada özünün biznes maraqlarını da ortaya qoymalıdır. Bu daha düzgün addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB