Marsda şəhər böyüklüyündə “kəpənək” müşahidə edilib...

Avropa Kosmik Agentliyinin (ESA) alimləri Marsın səthində nəhəng bir “kəpənək”in şəklini çəkiblər. Bu şəhər böyüklüyündə geoloji formasiya bir neçə milyard il əvvəl, Marsın isti və rütubətli olduğu dövrdə əmələ gəlib.

SİA-nın əldə etdiyi məlumata gör, “kəpənək” əslində asimmetrik zərbə krateridir.

O, asteroidin Marsın səthinə qeyri-adi dərəcədə aşağı bucaq altında dəyməsi nəticəsində əmələ gəlib. Krater, Marsın şimal ovalığında son dərəcə möhkəm və əvvəllər vulkanik cəhətdən aktiv olan İdaeus Fossae bölgəsində yerləşir.

O, şərqdən qərbə 20 km, şimaldan cənuba isə 15 km uzanır. Yeni şəkillər Mars Express orbitalından topoqrafik məlumatlardan istifadə edərək rəqəmsal şəkildə çəkilib.

“Kəpənək” Günəş sistemindəki dairəvi formalı əksər zərbə kraterlərindən fərqlənir. Bu asteroidin zərbə bucağının aşağı olması dağıntıların qeyri-bərabər paylanmasına səbəb olub. Kraterin şimalına və cənubuna iki qaya parçası atılıb və iki uzanmış “qanad” əmələ gəlib.

Bu kimi kraterlər olduqca nadirdir. Onları öyrənmək, onları əmələ gətirən zərbələrin bucağını və gücünü, eləcə də süxurların təkamülünü və quruluşunu daha yaxşı başa düşməyə kömək edir.

Məsələn, “kəpənəyin” qanadları hamar, əsas gövdəsi isə qeyri-bərabərdir. Bu, materialın su ilə qarışdığını göstərir. Live Science-ə görə, kosmik süxurların fraqmentləri hələ də kraterin içərisində ola bilər.

Əvvəllər Marsın səthində qəribə formalara malik çoxsaylı süxurlar və geoloji formasiyalar tapılmışdı.

Alimlər həmçinin tropik oazislərin izlərini də müəyyən etmişdilər. Bu qeyri-adi açıq rəngli süxurlar alüminiumla zəngin olan bir növ gil olan kaolinitdir.

Yer kürəsində kaolinit çox isti və rütubətli şəraitdə, məsələn, tropik yağış meşələrində əmələ gəlir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə