Azərbaycanın kiber hücumlara qarşı qorunma səviyyəsi necədir? - SƏDR MÜAVİNİ AÇIQLADI
"Ölkəmizin kiber hücumlara və kiber təhdidlərə qarşı ümumi qorunma səviyyəsini obyektiv qiymətləndirmək üçün ölkəmizin beynəlxalq göstəricilərinə baxmaq daha düzgün olar. Mənim fikrimcə Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” hesabatı ölkəmizin ümumi kibertəhlükəsizlik səviyyəsini çox dolğun qiymətləndirir". Bu sözləri SİA-ya açıqlmasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası sədr müavini Rauf Cabarov deyib.
Onun sözlərinə görə, bu beynəlxalq indeksə əsasən ölkəmiz “Təkmil” səviyyədə yer alaraq, 194 ölkə arasında ilk 75 ölkə sırasında yer almışdır. Bu yüksək göstərici ölkəmizin güclü qorunma səviyyəsini nümayiş etdirir. "Bununla yanaşı, kibertəhlükəsizlik dinamik sahədir və ölkəmizə qarşı kiber təhdidlər artan templə inkişaf edir. Bu təhdidlərin trayektoriyaları da fərqlidir. Məsələn, dövlət qurumlarına qarşı haker hücum cəhdləri sürətlə artır. Həmçinin, əhaliyə qarşı kiber hücumlar çox genişlənib. Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlar 2024-cü ildə vəziyyətin kritik olmasını göstərir. 17 minə yaxın fakt üzrə 22 milyondan çox vəsaitin bank kartlarından talanması çox ciddi siqnaldır. Bu ciddi rəqəmlərə baxmayaraq, bu hadisələr çox təbidir. Bu dünyada gedən proseslər ilə eyni məcrada baş verir. Burada əsas məqam bu kiber hücumların azaldılması üçün hansı işlərin görülməsidir. Diqqət yetirsəz, görərsiz ki, dövlət sektorunda kiber hücumların artan dinamikasına baxmayaraq, hər hansı ciddi hadisə baş verməyib. Bu aidiyyəti qurumların öz işlərini düzgün gördüyünü göstərir. Yeni struktur bölmələri yaradılır, daha çox əməkdaş cəlb edilir, infrastruktur daima yenilənir, kibertəhlükəsizlik əməliyyat mərkəzləri qurulur. Bu məqamlar dövlət strukturlarının kiber hücumlara qarşı qorunma səviyyəsini yüksəldir. Həmçinin, dövlət qurumlarının informasiya açıqlığı alqışa layiqdir. Bu kibertəhlükəsizlik ekspertlərinə və şirkətlərinə kiber təhdid tendensiyalarını aydın görməyə imkan verir".
Sədr müavini fikrlərinə davam edərək bildirib ki, digər tərəfdən ölkəmizdə əhalinin rəqəmsal savadlığı istiqamətində daha geniş miqyaslı işlər aparmaq lazımdır. "Belə ki, dövlət sektorundan fərqli olaraq, əhalinin hazırlıqsızlığı və elementar qaydalara riayət etməməsi külli miqdarda vəsaitin itkisinə gətirib çıxarır. Mən həmçinin kiçik və orta biznesi də bu kateqoriyaya aid edərdim. KOB-ların kibertəhlükəsizlik baxımından maariflənməsinə və xidmətlərdən istifadə etmələrinə ehtiyac vardır. Biz Azərbaycan Kiberttəhlükəsizlik Təşkilatları assosiasiyası olaraq, daim çalışırıq ki, bu istiqamətdə işlər aparaq və maariflənmə səviyyəsini yüksəldək. Həmçinin, bugün ölkəmizin yerli kibertəhlükəsizlik məhsul və xidmətlərinə ehtiyac vardır. Digər tərəfdən bu xidmətlərin daha əlçatan və aşağı qiymətə olmasına çalışmalıyıq. Bu öz növbəsində əhali və KOB-ları bu xidmətlərdən istifadə etməyə sövq edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə