Süni intellekt kompüterlərə və digər maşınlara insanın intellektual fəaliyyətlərini təqlid etməyə imkan verən bir sahədir. Bu sahə kompüterlərin öyrənmə, qərar vermə, dil anlama, şəkil tanıma, problemləri həll etmə və daha bir çox insan fəaliyyəti ilə əlaqəli funksiyaları yerinə yetirməsini təmin edir. Süni intellekt, ümumiyyətlə, insanların zəka və düşüncə proseslərini model alaraq bu bacarıqları kompüterlərə öyrətməyə çalışır. Bəs, bu qədər işlər süni intellekt tərəfindən yerinə yetirilərsə, insanların əməyinə ehtiyac qalacaqmı?
Mövzu ilə bağlı SİA-ya danışan "Data" mühəndisi Natiq Məmişov bildirib ki, süni intellekt inkişaf etdikcə, mütləqdir ki, nələrsə dəyişir: "Süni intellekt həyatımızın çox sahələrində mühüm yer tutur. O, tibbdə xəstəliklərin diaqnozu, avtomatlaşdırılmış sürücüsüz avtomobillər, maliyyə sahəsində risklərin idarə olunması və daha bir çox sahədə istifadə edilir. Gələcəkdə süni intellektin daha da inkişaf edərək daha geniş və mürəkkəb tapşırıqları yerinə yetirməsi gözlənilir.
Əslində bu süni intellektlə bağlı deyil. Məsələn, əvvəllər kredit əldə etmək tamamilə əldən idi. Gedib yaxınlaşırdıq, soruşurduq və proses uzun çəkirdi. İndi isə onlayn sistemdir və orda modellər var. O modellərə sadəcə məlumat ötürülür və deyilir ki, şəxsə kredit düşür ya yox. Ona görə burada da avtomatlaşdırma var. Amma həmin kredit mütəxəssisləri işsiz qalmadı. Sadəcə həmin yaradılan sistemləri öyrənməli oldular. İndi isə süni intelekt inkişaf etdikcə təbii ki, müəyyən sahələrə təsir edəcək".
Natiq Məmişov qeyd edib ki, süni intelekt əsasən avtomatlaşdırılma sahələrinə təsir edə bilər: "Məsələn məlumat girişi edən kadrlar var. Onlar yalnız məlumat daxil edir. Onlara təsir edə bilər. Amma yene onlarda işsiz qalmaz. Burada iki məsələ var. Birinci məsələ odur ki, 90-cı illərdə fərqli ixtisaslar var idi. O ixtisasların yerinə yeni ixtisaslar gəldi. Çox güman ki, süni intelekt ilə bağlıda yeni ixtisaslar gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə