Vüqar Əhmədov FISA Prezidenti ilə görüşüb - FOTOLAR

Vüqar Əhmədov FISA Prezidenti ilə görüşüb - FOTOLAR

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Rollandla görüş keçirib. FISA-nın İsveçrənin Lozanna şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüşdə ölkəmizdə avarçəkmənin tarixi, inkişaf mərhələsi, bu günü və gələcək planları haqqında məlumat verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hələ ötən əsrin ortalarında ümumilli lider Heydər Əliyevin ilk hakimiyyəti dönəmində Azərbaycanda 11 müstəqil avarçəkmə klubu fəaliyyət göstərib. O vaxtlar təşkil edilmiş “Mingəçevir Reqatası”nda nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrinin idmançılarıiştirak edib. 1964-cü ildə istifadəyə verilən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçmiş SSRİ ölkələri ilə yanaşı, əvvəlki Yuqoslaviya, Bolqarıstan, hətta Kuba komandaları da təlim-məşq keçib.

AKAF-ın rəhbəri Vüqar Əhmədov bildirib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmana və idmançılara böyük diqqət ayırır. İlham Əliyevin müvafiq tapşırıqları əsasında “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə əsaslı təmir edilib. Hazırda bütün beynəlxalq standartlara tam cavab verən “Kür” OTİM-də Bakı-2015 birinci Avropa Oyunlarının avarçəkmə yarışları yüksək səviyyədə təşkil olunub.

Görüş zamanı Azərbaycan idmançılarının beynəlxalq yarışlar – Avropa və Dünya çempionatları, həmçinin Olimpiya oyunlarında çoxsaylı mükafatlar qazanması FISA prezidentinin diqqətinə çatdırılıb. Cari ilin may ayında Suqovuşan su anbarında və Mingəçevir şəhərində təşkil olunan kayak-kanoe və akademik avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası ilə bağlı videoçarx Jan Kristof Rollanda nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda avarçəkmə idman növünü daha da inkişaf etdirmək üçün yeni su hövzələrinə baxış keçirilir və müvafiq infrastrukturun yaradılması üçün işlər görülür.

Görüş zamanı qarşılıqlı əlaqələrin gələcək inkişafı, beynəlxalq federasiya prezidentinin ölkəmizə səfərinin təşkili müzakirə olunub. Qarşıdakı illərdə sahil avarçəkməsi üzrə Dünya və ya Avropa çempionatının Azərbaycanda təşkil olunması ilə bağlı fikir mübadiləsiaparılaraq bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib.

Görüşün sonunda Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rolland görülən işləri yüksək qiymətləndirib. Jan Kristof RollandAzərbaycan Kanoe və Avarçəkmə Federasiyasına hər zaman dəstək verməyə hazır olduqlarını deyərək federasiyamıza gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə