Azərbaycan çempionatı keçirilib - FOTOLAR

Azərbaycan çempionatı keçirilib - FOTOLAR

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. SİA xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U-17, gənclər və U-23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıb.

İyunun 18-də baş tutan ilk yarış günündə velosipedçilər Pirallahı rayonunda "Nǝrǝkǝnd" parkının yaxınlığından start götürməklə fərdi ötüşmələrdə mübarizə aparıblar.

Yarışın proqramına əsasən, bu mərhələdə U-17 yaş kateqoriyasındakı idmançılar, gənc oğlanlar və qızlar, həmçinin U-23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km, U-23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət ediblər.

Yarışın ilk gününün qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, iyunun 19-da keçiriləcək ikinci yarış günündə velosipedçilər "Dreamland" Qolf Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup ötüşmələrində mübarizə aparacaqlar.

Bu mərhələdə 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və elit yaş kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışacaqlar

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə