2010-cu ilin dekabr ayının 12-də, bir qız uşağının dünyaya gəlməsi hamını, bütün qohumları sevindirirdi. Qohum-qonşular babası Mübariz kişini, nənəsi Gülayə xanımı təbrik edirdilər. Bayram-bayrama qarışmışdı. Hamının üzündə böyük sevinc hissi görünürdü. Bu balaca qızın adını Şahanə qoydular. Elə ilk günlərdən bu qızcığaz öz adını doğrultmağa başladı. Anasının istəyi ilə balaca Şahanəni karate məktəbinə qoydular. Balaca Şahanə az bir vaxta müəllimlərinin etimadını doğrultdu. Qısa vaxtda böyük uğurlar qazanmağa başladı. Hətta artıq 7 yaşında qara kəmərə sahib oldu.

2017- ci ilin payız ayında Şahanə Orucova hamını mat qoydu. Belə ki, Türkiyənin İstambul şəhərində keçirilən yarışda bütün rəqibləri üzərində qələbə qazanan Şahanə Azərbaycan bayrağını daha yüksək səviyyəyə qaldıraraq, dünya çempionu oldu. Şahanənin bu böyük uğuruna ən çox sevinən də anası Nataliya, dayısı Qismət Orucov, babası və nənəsi oldu. Baba və nənənin üzlərində təbəssüm, gözlərində sevinc olmaqla, balaca nəvələri onları xoşbəxtlik dünyasına qərq eləmişdi. Əlbəttə, bu uğurlar hər kəsə nəsib olmur. Özü də 7 yaşlı bir qızcığaza. Deməli, anası Nataliya xanımın istəyi, zəhməti heç də hədər getməmişdi. Elə ilk gündən qızının karatedə məşqlərinə başlamasına və burada uğurlar qazanacağına arxayın idi Nataliya xaxım. O, həm də məşqçi Pərviz Quliyevə çox güvənirdi. Çünki bu idman növü Şahanənin də ürəyincə idi. Ona görə də hər gün məşqlərə hazırlıqlı gəlir və məşçisi Pərviz müəllimin dediklərini tez və cəld yerinə yetirirdi.

2019-cu il də Şahanənin həyatında çox uğurlu bir il olub. Belə ki, ölkəmizdən çox-çox uzaqlarda Makedoniyanın Skareya şəhərində keçirilən beynəlxalq Avropa yarışlarına Şahanə də dəvət olunmuşdu. Bu yarışda bütün tribunalar dolu idi. Avropanın hər yerindən çoxlu tamaşaçılar gəlmişdi. 9 yaşlı Şahanə bu yarışda çox böyük qələbə qazandı. Bu qələbə də Azərbaycan idmansevərlərinə də böyük sevinc gətirdi. Beləliklə, 9 yaşlı Şahanə Avropa çempionu oldu.
Bu gün 10 yaşlı Şahanənin sinəsində 38 qızıl və 12 gümüş medal var. Bu doğrudan da 10 yaşlı bir qızcığaz üçün çox böyük qələbələrdir. Bu yaşda Azərbaycanda hələ heç kim bu qədər medallar almayıb və bu qədər qələbələr qazanmayıb.
Şahanənin bu uğurları anasında, dayısında, baba-nənəsində böyük ruh yüksəkliyi yaradıb. İnşaalah Şahanə böyüdükcə, biz inanırıq ki, onun qələbələri daha çox olacaq.
Şahanənin də arzusu, bizim ən böyük arzumuz kimi Qarabağın tezliklə yağı düşmənlərdən azad olunmasıdır. Biz inanırıq ki, həmin gün tezliklə olacaq və biz Qarabağın gözü olan Şuşada beynəlxalq səviyyəli yarışlar keçirəcəyik. Biz , ona da inanırıq ki, orada milli bayrağımız da Şahanənin qələbəsi ilə ən yüksəyə qaldırılacaq.
Ən sevindirici hal odur ki, Şahanə idmanda böyük qələbələr qazandığı kimi dərslərində də əlaçıdır. Oxuduğu Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbdə başda direktor Bəxşeyiş Ələmşahov olmaqla bütün müəllimlər Şahanə Orucova ilə fəxr edirlər. 4-cü sinifdə oxuyan Şahanənin sinif rəhbəri Azadə Kərimbəyli də öz şagirdi ilə fəxr eləyir. Sumqayıt şəhər camaatı da Şahanə Orucovaya böyük ümidlə baxırlar. Onun dünya çempionu,
Olimpiya çempionu olacağına inanırlar. Axı 10 yaşlı bir qızcığaz bu vaxta qədər 38 qızıl və 12 gümüş medal qazanıbsa, deməli, onun böyük gələcəyinə ümidlə baxmaq olar. Sumqayıt şəhər rəhbərliyi də Şahanə Orucovaya dəstək olmalıdır ki, o, bütün ümidləri doğrultsun.
Əli RAFİQ
Şair-publisit
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB