Hemilton Kanada Qran-Prisinin qalibi olub

Hemilton Kanada Qran-Prisinin qalibi olub

“Mercedes”in britaniyalı pilotu Lüis Hemilton Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub. SİA-nın məlumatına görə, hazırkı dünya çempionu L.Hemilton karyerasında 78-ci, mövsümdə beşinci və Monrealda yeddinci qələbəsini qazanaraq Mixail Şumaxerin rekordunu təkrarlayıb.

“Ferrari”nin pilotu alman Sebastyan Fettel finiş xəttini birinci keçib. L.Hemilton ondan 1,342 saniyə geri qalıb. Lakin 48-ci dövrədə trasa təhlükəli qayıdışına görə finişdə Fettelin vaxtına 5 saniyə cərimə əlavə olunub.

S.Fettel trasa qayıdarkən L.Hemiltonun yoluna çıxaraq az qala onun divara çırpılmasına səbəb olub.

S.Fettel deyib: “Mən trasa otun üstündən keçərək qayıtmağa məcbur oldum. Nə edə bilərdim ki? Bu, onun səhvidir, çünki yolun o biri hissəsindən keçdi. Bəxtim gətirdi ki, özüm divara çırpılmadım. Bu ədalətsizlikdir. Qəzəbliyəm və buna tam haqqım çatır”.

Nəticədə S.Fettel ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri Fettelin komanda yoldaşı Şarl Lekler tutub.

Hiddətlənmiş Fettel finişdən sonra mətbuata müsahibə verməkdən imtina edərək stüardların otağına qalxıb. Onun cəriməyə etiraz etmək cəhdləri uğursuz olub. Fettel yürüşdə yekun yerlərinin qeyd edildiyi lövhələri də dəyişdirib.

L.Hemilton 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə S.Fetteldir (100). “Mercedes” 294 xalla Konstruktorlar Kubokunda “Ferrari”dən (172) xeyli irəlidədir.

Qeyd edək ki, növbəti Formula 1 Qran-Pri mərhələsi iyunun 21-23-də Fransada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə