“Synergy Baku” dağıldı, “Tour d`Azerbaidjan” təqvimə salınmadı

“Synergy Baku” dağıldı, “Tour d`Azerbaidjan” təqvimə salınmadı

Yaşı az olmasına baxmayaraq, son illər beynəlxalq arenada qazandığı nəticələrlə adından söz etdirən Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project” fəaliyyətini dayandırıb. Bu haqda SİA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komandanın dağılması maliyyə problemləri ilə bağlıdır. 2013-cu ildə yaradılan “Synergy Baku” qısa müddətdə böyük inkişaf yolu keçərək dünyada tanınmış nüfuzlu yarışlarda mübarizə aparmaq hüququ qazanıb və uğurlu nəticələr əldə edərək bir sıra veloturların qalibi olub. Bununla yanaşı, komanda 2 dəfə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloturunda da qalib adını qazanıb.

Onu qeyd edək ki, maliyyə çatışmazlığı səbəbindən 2018-ci ildə keçirilməyən planetin ən güclü şosse velosiped komandalarının mübarizə apardığı “Tour d`Azerbaidjan” yarışı, 2019-cu ildə də Beynəlxalq Velosipedçilər İttifaqının təqviminə salınmayıb. Bu isə o deməkdir ki, böyük ehtimalla 2019-cu ildə də sözügedən yarış keçirilməyəcək. Bunun da maliyyə sıxıntısı ilə əlaqəli olduğu bildirib.

Qeyd edək ki, AzVİF-in prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə