Lyuis Həmilton: “F1 pilotlarını deyil, Məhəmməd Əlini örnək götürmüşəm” - AÇIQLAMA

Lyuis Həmilton: “F1 pilotlarını deyil, Məhəmməd Əlini örnək götürmüşəm” - AÇIQLAMA

2017 Formula 1 dünya çempionatının qalibi, “Mercedes”in pilotu Lyuis Həmilton əslində keçmiş F1 pilotlarını deyil, məşhur boksçu Məhəmməd Əlini örnək götürdüyünü bildirib. SİA-nın məlumatına görə, 4 dəfə dünya çempionu olan L.Həmilton böyüyərkən keçmiş F1 pilotlarına diqqət etmədiyini, daha çox boks əfsanəsi Məhəmməd Əli ilə maraqlandığını qeyd edib.

32 yaşlı sürücü uşaqlıqdan sözügedən boskçunun idman karyerası və həyatı ilə tanış olduğunu deyib: “Kiçik yaşlarda olarkən otağımda Məhəmməd Əlinin şəkilləri var idi. Onun özünü necə motivasiya etdiyini öyrənmək üçün videolarını izləyirdim. Məhəmməd Əli nə edirsə, mən də edə biləcəyimi düşünürdüm. Hamının içində güc var. Sadəcə bunu ortaya çıxarmaq üçün çalışmalıyıq”.

L.Həmilton gənc pilotlara məsləhət verməyin düzgün olmadığını bildirib: “Mənim məşğul olduğum idman növündə hamı keçmiş pilotların nə etdiklərini və nə yaşadıqlarını oxuyur. Gənc pilotlara “Belə olmalısan, ən yaxşı olmaq üçün bunları etməlisən” kimi məsləhətlər verirlər. Məncə, bu, çox yanlışdır. Çünki hər kəs fərqlidir. Ancaq əlbəttə, hər zaman uğur qazanan və pozitiv həyatı olanlara baxıb daha da həvəslənmək mümkündür”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə