Bu gün UEFA Çempionlar Liqasının C qrupunda “Qarabağ” səfərdə “Atletiko” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də, Madriddəki “Metropolitano” stadionunda keçiriləcək qarşılaşmanı Almaniyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Deniz Aytekin, onun köməkçiləri Guido Kleve, Markus Hacker, əlavə köməkçi hakimlər Daniel Siebert, Benjamin Brand, dördüncü hakim isə Eduard Beitinger olacaq.
“Qarabağ” dünyanın ən güclü komandalarından birinə qarşı oynamasına baxmayaraq, bütün gücü ilə yaxşı nəticə üçün mübarizə aparacaq. Ağdam təmsilçisi bunu Bakıda keçirilən oyunda da bacardığını sübut elədi. Qolsuz heç-heçə ilə bitən qarşılaşmada dünya nəhəngi “Qarabağ”ın gücünü gördü.
Komandamızın baş məşqçisi Qurban Qurbanov rəqibin kimliyindən asılı olmayaraq gözəl oyun göstərmək və yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini bildirib: “Çox güclü komandaya qarşı oynayacağıq. “Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadır. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdur. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədir.
Çox ciddi problemlərimiz var. Rəqibin açıqlamasından da bəllidir ki, sabahkı oyuna final görüşü kimi baxırlar. İlk növbədə düzgün oyun qurub, rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Daha sonra isə özümüz hücum qurmağa səy göstərəcəyik. Planlaşdırdığımız alınsa, istədiyimiz oyunu sərgiləyə bilsək, İnşAllah, yaxşı nəticə də olacaq”.
Rəqibin baş məşqçisi Dieqo Simeone isə Bakıdakı oyunu unutduqlarını, yalnız bugünkü matça kökləndiklərini vurğulayıb: “Məşqçi olaraq əsas məsuliyyət mənim üzərimə düşür. “Çelsi” ilə oyunun yalnız son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda da yaxşı oynamışdıq. Yalnız “Qarabağ”la qarşılaşmada zəif təsir bağışladıq. Ümumiyyətlə, bu vəziyyəti dəyişəcəyimizə inanıram. “Qarabağ”la oyun hamımız üçün vacibdir. Qalib gəlməli olduğumuzu bilirik. Ona görə, bu oyunda yalnız qələbəyə köklənmişik”.
Qeyd edək ki, komandamızın heyətində ciddi itkilər var. Belə ki, Pedro Enrikenin meydana çıxıb-çıxmayacağı hələ ki, məlum deyil. Həkimlərin rəyindən sonra onun oynayıb-oynamayacağı dəqiqləşəcək.
Komandanın əsas üzvlərindən Bədavi Hüseynov da uzun müddət meydana çıxa bilməyəcək. “Atletiko” ilə ev oyununda zədələnən müdafiəçinin zədəsinin ciddi olduğu bildirilir. Almaniyaya əməliyyata yollanmış futbolçunun ən azı 7-8 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Dino Ndlovu ötən oyunda qırmızı vərəqə aldığı üçün bu qarşılaşmada iştirak etməyəcək. Ümumiyyətlə, komandamızda hər mövqedə itki var.
Baş məşqçi Qurban Qurbanov isə itkidən heç vaxt narahat olmadığını deyib: “Sadəcə, əlimizdəki heyətdən az istifadə edə bilirik. Mənim olduğu kimi, futbolçuların da üzərinə böyük yük düşür. Şans qazanan hər bir futbolçu öz üzərinə düşən vəzifəni tam yerinə yetirməlidir. Bu cür oyunlarda futbolçuları xüsusi hazırlaşdırmağa ehtiyac yoxdur. Çünki, kimə qarşı oynayacaqlarını bilirlər”.
Ağdam təmsilçisinin rəqibi də rahat deyil. “Atletiko” yaxşı başa düşür ki, rəqibi də istəklidir və qələbə üçün bütün gücünü ortaya qoyacaq. Komandanın kapitanı Qabi Bakıda “Qarabağ”ın gücünə şahid olduqlarını qeyd edib. O, bu dəfə başqa oyun olacağını bildirib. Futbolçu nəzərdə tutduqları oyunu oynayacaqlarını vurğulayıb.
Komandamızın üzvü Ansi Aqolli isə oyun çətin olsa da, yaxşı nəticə üçün mübarizə aparacaqlarını deyib: "Bu komanda ilə Bakıdakı oyunumuz da çətin olmuşdu. Fikrimcə, bu dəfəki qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq”.
Artıq komandamız oyunun keçiriləcəyi stadionda son məşqinə çıxıb. “Qarabağ” tam hazır vəziyyətdə oyun saatını gözləyir. Bu qarşılaşma İspaniya komandası üçün finala bərabər oyun olacaq. Xal itkisi onların qrupdan çıxmaq şansının çətinləşməsi ilə nəticələnə bilər.
Ağdam təmsilçisi məğlub olsa, “Roma” isə öz meydanında “Çelsi”yə qalib gəlsə, “Qarabağ” qrupdan çıxa bilməyəcək. Bu baxımdan hər iki komanda meydanda bütün gücünü ortaya qoyacaq.
Bütün hallarda “Qarabağ”ın ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması və burada dünyanın ən nəhəng klubları ilə layiqli mübarizə aparması Azərbaycan futbolunda tarixi hadisədir. Bu naliyyətlə “Qarabağ” dünya futbol camiəsinin diqqət mərkəzinə düşüb. Azərbaycanlı azarkeşlər isə ilk dəfə olaraq Çempionlar Liqasında öz təmsilçimizə azarkeşlik edirlər. Onlar üçün bundan böyük hədiyyə ola bilməz.
Belə bir nüfuzlu turnirdə ən güclü komandalarla mübarizə aparmaq isə Ağdam təmsilçisinin daha böyük təcrübə qazanması, ölkəmizin dünyada tanıdılması və idmanın inkişafı üçün əvəzsizdir.
Qeyd edək ki, hazırda “Qarabağ”ın mübarizə apardığı qrupda “Çelsi” 6 xalla liderdir. Onu 4 xalla “Roma” və 2 xalla “Atletiko” izləyir. “Qarabağ” isə ilk dəfə mübarizə apardığı Çempionlar Liqasının qrup mərhələsində hələ ki, 1 xal qazanıb. Bugünkü oyunlardan sonra cədvəldə hansı dəyişikliklərin olacağı böyük maraq doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB