Şəhriyar Məmmədyarov: “Bu il də qələbə uğrunda mübarizə aparacağam” AÇIQLAMA

Şəhriyar Məmmədyarov: “Bu il də qələbə uğrunda mübarizə aparacağam” AÇIQLAMA

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2017" superturnirinin ötənilki qalibi Şəhriyar Məmmədyarov aprelin 20-də start götürəcək sayca dördüncü yarış haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, azərbaycanlı şahmatçı Şəmkir turnirinin onun karyerasında özünəməxsus yer tutduğunu söyləyib: "Şəmkir turniri dostumuz, Azərbaycanın fəxri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Uzun illər Vüqarla komanda yoldaşı olmuşuq. Hər zaman bir-birimizə kömək etmişik. Buna görə həmişə Şəmkirə böyük həvəslə yollanıram. Bu il həmin tarixlərdə keçiriləcək başqa turnirdən dəvət almışdım. Bununla belə Şəmkirdə iştirak edəcəyim barədə qərar qəbul etdim".

O bildirib ki, yarışın son qalibi kimi bu il də yüksək yerlər uğrunda mübarizə aparmaq fikrindədir: "İştirakçıların siyahısında demək olar ki, zəif şahmatçı yoxdur. Bütün şahmatçılar FİDE reytinqində yüksək yerlərdə qərarlaşıblar. Dünya çempionu Maqnus Karlsenin olmaması mübarizəni asanlaşdırmır. Əksinə onun yoxluğunda iddialıların sayı artır. Bu il də qələbə uğrunda mübarizə aparacağam. Bunun asan olmayacağını başa düşürəm. Dünya çempionları Vladimir Kramnik, Veselin Topalov, dünya çempionluğuna namizəd olmuş Sergey Karyakin kimi şahmatçıların yarışdığı turnirdə rahat nəfəs almaq mümkün deyil".

Ş.Məmmədyarov şahmatçılar adından Təşkilat Komitəsinə və "Synergy Group"a təşəkkür edib: "Hazırda dünyada yüksək kateqoriyalı şahmat yarışları azlıq təşkil edir. Bununla belə təşkilatçılar Şəmkir turnirinin ənənəvi olmasına nail olublar. Onlar Vüqar Həşimovun xatirəsinə böyük ehtiram nümayiş etdirir, eyni zamanda Azərbaycanda şahmatın inkişafına dəstək olurlar. Mən həmişə Şəmkirə böyük sevinclə yola düşürəm. Bu il də şahmat həvəskarlarının çox maraqlı partiyalar izləyəcəyinə əminəm".

Bütün xəbərlər Facebook səhifəmizdə