Yaqub Abdullayev: “Samboçularımızdan yüksək nəticələr gözləyirəm” AÇIQLAMA
"Sambo üzrə yeniyetmələr və gənclərdən ibarət milli komandalarımız Avropa birinciliyinə hazırlaşırlar. Aprelin 18-22-də Çexiyanın Praqa şəhərində keçiriləcək yarışa hazırlıq məqsədilə yığma komandalarımızın Bakıda təlim-məşq toplanışı təşkil olunub". Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycan birinciliyindən sonra yığma komandaların heyəti müəyyənləşsə də, yarışda iştirak edəcək yekun heyət aprelin 1-də açıqlanacaq: "Avropa birinciliyində samboçular 20 çəki dərəcəsində mübarizə aparacaqlar. Onlardan 10 çəki dərəcəsində yeniyetmələr, 10 çəki dərəcəsində isə gənclər yarışacaqlar. Hələ ki, neçə idmançımızın yarışa qatılacağı müəyyənləşməyib".
Baş məşqçi samboçularımızdan Avropa birinciliyində yüksək nəticələr gözlədiyini vurğulayıb: "Ötən il Fransada keçirilən Avropa birinciliyində yeniyetmələr və gənclərdən ibarət yığma komandalarımız 3-cü yerə çıxmışdılar. Milli komandalarımız birlikdə 8 medal qazanmışdılar. Bu il də idmançılarımızın yaxşı nəticələr qazanacağına inanıram. Hələ ki, heyətdə zədəli idmançılarımız yoxdur".
Y.Abdullayev böyüklərdən ibarət milli komandaların yarışacağı Avropa birinciliyinin isə mayın 18-22-si Belarusun Minsk şəhərində keçiriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB