Mariana Vasileva: "Regionlarda bədii gimnastikanın inkişafı üçün mühüm işlər aparılır" AÇIQLAMA
"Altı ay bundan öncə Mingəçevirdə bədii gimnastika bölməsi yaradılıb. Müraciət edən 240 nəfərdən 70-i seçilib və məşqlərə cəlb olunub. Burada idmançılar üçün yüksək şərait yaradılıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Mariana Vasileva deyib.
O, regionlarda bədii gimnastikanın inkişafı üçün mühüm işlər aparıldığını qeyd edib: "Artıq 12 bölgədə gimnastika bölməsi yaradılıb. Naxçıvan, Qobustan, İsmayıllı, Kürdəmir, Göyçay, Şirvan, Mingəçevir bölmələri daha çox inkişaf edib. Artıq 3-cü dəfədir ki, Azərbaycan birinciliyi və bölgələrarası kubok birlikdə təşkil olunur. Bu dəfəki yarışda 100 gimnast iştirak edir. Bu yarışlar yığmanın tərkibinə perspektivli gimnastların cəlb edilməsinə kömək edir. Məşqçilərdən razıyam. Birgə işimiz bu növün daha da inkişafına təkan verir".
Baş məşqçi olimpiadada mübarizə aparacaq heyətin dəyişmədiyini qeyd edib: "Olimpiya Oyunlarında Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova çıxış edəcək. Yuniyorlardan isə Aliyə Paşayeva, Zeynəb Hümbətova, Simara Cəfərova, Ayna Cəfərova arasından əsas komandaya yeni gimnastlar seçiləcək.
Marina Durunda "Rio-2016"da finala çıxdı və 9-cu oldu. Növbəti dəfə onun mükafatçılar sırasında yer almasına çalışacağıq. Olimpiadada güclü idmançılar çıxış edir. Biz çalışırıq ki, idmamçılarımız medal qazansınlar".
O, Bakıda keçiriləcək yarışlar haqqında məlumat verib: "Dekabrın 1-2 də Milli Gimnastika Arenasında aerobika və bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcək. Gələn il isə paytaxtımızda gimnastika üzrə 3 Dünya Kuboku təşkil olunacaq. Fevralda batut, martda idman gimnastikası, aprelin sonunda isə bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq. Bu yarışlar olimpiadaya lisenziya xarakteri daşıyacaq. Bundan başqa, gələn il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək".
M.Vasileva Azərbaycan Gimnastika Federasiyasının Avropa federasiyaları arasında ilk beşlikdə yer aldığını, bunun çox sevindirici hal olduğunu bildirib.
O, milli komandamızın aparıcı üzvü M.Durundanın imkanlarını yüksək qiymətləndirdiyini, onun məşqçi kimi yaxşı gələcəyinin olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB