Əfsanəvi Ələkbər Məmmədov futbolumuz barədə danışdı!

Əfsanəvi Ələkbər Məmmədov futbolumuz barədə danışdı!

Onun adı azərbaycanlılar üçün milli futbolun ən yaxşı illəri ilə bağlıdır. O, bu gün də özünü ölkə idmanından kənarda görmür, təcrübəsini həvəslə gənclərə öyrədir. Siasport.az saytı xəbər verir ki, Azərbaycan futbolunun 100 illiyinin bayram edildiyi ildə AzərTAc-ın müxbiri Bakının "Neftçi" və Moskvanın "Dinamo" komandalarının əfsanəvi hücumçusu Ələkbər Məmmədovla görüşərək, ölkəmizdə bu idman növünün tarixinin əlamətdar anları barədə danışmasını ondan xahiş edib. Ölkəmizin idman ictimaiyyəti üçün maraqlı olduğunu nəzərə alaraq məşhur futbol əfsanəsi ilə aparılan müsahibəni sizə təqdim edirik.

-Azərbaycan futbolunun 100 illiyi və bizim respublika stadionunun açılışının 60-cı ildönümü eyni vaxta düşmüşdür. Mən 1951-ci il sentyabrın 16-da o zaman Stalin adına olan yeni respublika stadionunun təntənəli açılışında iştirak etmişəm. Həmin gün Bakının "Neftçi" komandası Vilnüsün "Spartak" klubuna 4:0 hesabı ilə qalib gəldi. İlk topu görüşün 30-cu dəqiqəsində rəqib qapısından mən keçirdim. Bütövlükdə həmin mövsüm hesabımda 36 qol olmuşdur.

Azərbaycan futbolunun ustadı qeyd edir ki, hazırda bizə yeni futbol meydançaları, yeni stadionlar inşa etmək, ölkənin paytaxtında və regionlarda uşaq futbolunu inkişaf etdirmək və Azərbaycan futbolunun şanlı ənənələrini davam etdirmək lazımdır.

Ələkbər Məmmədovun çoxsaylı qələbələri azərbaycanlıların qəlbində həmişə qürur hissi oyatmışdır. O, 1948-1953-cü illərdə Bakının "Neftçi" komandasının şərəfini qorumuş, 1954-cü ildən 1960-cı ilin iyun ayınadək Moskvanın "Dinamo" komandasının mərkəz hücumçusu olmuşdur. 1954, 1955, 1957 və 1959-cu illərdə "Dinamo" komandasının heyətində SSRİ çempionatının qızıl medallarını qazanmışdır. Ələkbər Məmmədov 1956 və 1958-ci illərdə SSRİ çempionatının gümüş mükafatçısı olmuşdur. Moskvanın "Dinamo" komandasının heyətində xarici ölkələrin güclü klubları ilə 25 görüşdə iştirak etmiş və hücum tərəfdaşlarından daha çox, 12 qol vurmuşdur. Həmyerlimiz "ölkənin ən yaxşı 33 futbolçusu" siyahısına 3 dəfə daxil edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ələkbər Məmmədov Azərbaycan yığmasının baş məşqçisi təyin edilmişdir. Ələkbər Məmmədov idman karyerasında ən əlamətdar hadisə ilə bağlı suala belə cavab vermişdir:

-1960-cı ildə Avropa çempionatında ilk dəfə çıxış etdiyim SSRİ yığması heyətində rəqib qapısından keçirdiyim ilk topu həyatımın ən mühüm hadisəsi hesab edirəm. Həmin il SSRİ Avropa çempionu oldu. Bundan əlavə, mən dünyada məşhur olan İtaliyanın "Milan" klubunun qapısından 22 dəqiqə ərzində 4 qol keçirən yeganə futbolçuyam. Bu mənim özümə məxsus rekordumdur, bu vaxtadək dünyada belə hadisə olmamışdı. Ələkbər Məmmədov özünün zəngin idman karyerasından ötən əsrin 50-ci illərinin əvvəllərində Moskvanın "Dinamo" komandası ilə Tbilisidə eyniadlı yerli klub arasında görüşü xatırlayır: "Görüşün ikinci hissəsində Beskovun əvəzinə meydançaya çıxdığım zaman tribunalardan "çayxana", "arşın malçı", "meyxana" sözləri ilə qarşılandım. Məni möhkəm tutmuş, sərbəst oynamağa imkan vermirdilər. Həmin görüşdə ilk qolu gürcülər vurdular. Bakı küçələrindəki texniki fəndlərimi xatırlamalı oldum. Nəticədə Moskva dinamoçuları 2:1 hesabı ilə qalib gəldilər.

Ələkbər Məmmədov "Neftçi" klubunun baş məşqçisi postunda fəaliyyəti barədə söhbətində qeyd etmişdir ki, həmin illər komandada Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Adil Babayev, Yaşar Babayev, Tofiq Axundov, Vitali Şevçenko, Yuri Romenski, Vyaçeslav Şeyxov, Mübariz Zeynalov kimi görkəmli futbol ustaları yetirmişlər. Sonralar məhz həmin futbolçular 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatını qazanan komandanın özəyini təşkil etdilər. Ələkbər Məmmədov deyir ki, ötən əsrin axırlarında biz hər şeyi demək olar ki, sıfırdan başladıq. Çünki vəziyyət çox gərgin idi. Əlbəttə, bu bizim futbola öz təsirini göstərdi, varislik itirilmişdi. Ələkbər Məmmədov bütün bunlara baxmayaraq, Azərbaycan futbolunun gələcəyinə böyük nikbinliklə baxır.

-Bir vaxtlar futbolçularımızın çoxu SSRİ yığması heyətinə daxil idilər. "Neftçi" komandasının 9 futbolçusu müxtəlif yiğmalarda-yeniyetmə, gənclər, olimpiya və əsas komandalarda çıxış edirdilər. Həmin illər heç bir respublikanın belə təmsilçiliyi yox idi. Təsəvvür edin ki, bizdə futbol necə yüksəlişdə idi. Bu, məhz Azərbaycan futbolçularının yaxşı oyun keyfiyyətlərinə malik olmasının göstəricisi idi. Ölkəmizin bugünkü yığması bütövlükdə dirçəliş dövründədir. Buna görə də yaxşı oyunlarla yanaşı, uğursuzluqlar da olur. Uğurlarımız sırasında Türkiyə yığması üzərində qələbəni, Rusiya yığması ilə heç-heçəni, İsveçrə yığması ilə yaxşı oyunumuzu göstərə bilərəm. Lakin yadda qalmayan oyunlar da vardır. Azərbaycan klublarının Avropa kuboku yarışlarında özlərini yaxşı cəhətdən göstərmələrinə baxmayaraq, bizim bugünkü yığmamıza sabitlik çatışmır. Avropa Kuboku yarışlarında "Neftçi", "Qarabağ", "İnter", "Xəzər-Lənkəran" klublarının uğurlarını, futbolçulardan Rəşad Sadıqovu, Rauf Əliyevi, Əfran İsmayılovu, qapıçı Kamran Ağayevi xüsusi qeyd etmək istəyirəm. Kazbek Tuayev, Ağasəlim Mircavadov, Qurban Qurbanov, Nazim Süleymanov kimi məşqçilərin də adlarını çəkmək yerinə düşər.

Öz təcrübəsinə əsaslanaraq Azərbaycan futbolunun gələcəyini uşaq-gənclər futboluna kütləvi axınla, yeni güclü futbolçuların meydana gəlməsi, ən başlıcası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqələndirirəm. Təbiətin bizə bəxş etdiyi çeviklik, cəldlik, plastiklik və zərifliyə görə hesab edirəm ki, Azərbaycanın yaxşı perspektivləri vardır. Ölkəmizdə futbol və güləş idmanı yaxşı inkişaf etmişdir. İdmanın bu iki növu bir-birinə çox yaxındır. Çünki onlar idmançılardan məhz elə fiziki keyfiyyətlərinin nümayiş olunmasını tələb edir. Azərbaycan rəhbərliyinin bu populyar idman növünə çox böyük diqqət və qayğı göstərdiyinə görə futbolumuzun gələcəyinə böyük nikbinliklə baxıram. Xalqımızın futbola marağı və məhəbbəti zəifləmir, əksinə hamı dünya futbolunun yeniliklərini izləyir, futbolla məşğul olur və uşaqlarını futbol bölmələrinə gətirirlər. Futbol ölkəmiz üçün əsl xalq oyunudur. Ələkbər Məmmədov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tez-tez qonağı olur, nazirliklə birgə müxtəlif layihələri həyata keçirir. O, veteran futbolçularla birlikdə AFFA-nın, Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkil etdikləri müxtəlif ictimai tədbirlərdə, xeyriyyə aksiyalarında iştirak edir. Ələkbər Məmmədov Fondu indiyədək veteranlara yardım göstərilməsi, onların sosial problemlərinin həlli üzrə bir çox layihələr həyata keçirmişdir.

Əfsanəvi idmançı inanır ki, Azərbaycan futbolunun gələcək şanlı qələbələri çox da uzaqda deyildir. Axı, necə deyərlər, ot kökü üstə bitər.

Bütün xəbərlər Facebook səhifəmizdə