Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası keçirilib

Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası keçirilib
Bu gün Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası öz işinə başlayıb. Siasport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizin Şura ilə sıx əməkdaşlıq etdiyini və ötən il Bakıda MDB-nin gənclərlə iş üzrə Şurasının iclasının keçirildiyini bildirib. O deyib ki, MDB-nin yaranmasının 20 illiyi münasibətilə nazirlik ilin sonunadək bir çox turnirlər və təlim-məşq toplanışları keçirəcək. "Ümummilli lider Heydər Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın, Milli Olimpiya Hərəkatının inkişafına böyük diqqət yetirib. Hazırda bu uğurlu siyasət ölkəmizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən 29 Olimpiya İdman Kompleksi istifadəyə verilib və daha 10 obyektin tikintisi davam etdirilir",-deyə nazir qeyd edib.

İdmançılarımızın 2009-cu ildə 619, ötən il isə 675 medal qazandığını bildirən A.Rəhimov Azərbaycanın mötəbər yarışlara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Belarusun idman və turizm naziri Oleq Kaçan MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasına rəhbərlik etdiyi ötən bir il ərzində görülmüş işlərdən danışıb, MDB-nin yaranmasının 20 illiyi münasibətilə keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra iclasa yeni sədr təyin olunub. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 1 il müddətinə MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının sədri seçilib.

İ.İsmayılov ölkəmizdə idmanın gündən-günə inkişaf etdiyini, idmançılarımız üçün lazımi şəraitin yaradıldığını və Şuraya sədrlik edəcəyi dövrdə MDB ölkələri arasında birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra ölkəmizdə idmanın inkişafı və Milli Olimpiya Hərəkatı ilə bağlı videoçarx nümayiş olunub.

İclasda həmçinin MDB-nin 20 illiyinə həsr olunmuş idman və gənclər siyasəti sahəsində tədbirlər planı, 2012-ci ildə MDB-də elan olunacaq "Bədən Tərbiyəsi və İdman İli" ilə bağlı müxtəlif tədbirlər və əlillərin sosial reabilitasiyası ilə bağlı mövzular da müzakirə olunub.

Xatırladaq ki, 2010-cu mayın 20-də Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası birliyin 20 illiyinin keçirilməsini qərara alıb, bu qərara müxtəlif tədbirlər planı daxil edilib. MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının növbəti iclasının Bakıda keçirilməsi qərarı da həmin tədbirlər planın bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня