Mahir Şükürov: \"Futbolsuz qalmağımda Vaqif Sadıqovun da rolu var\"-MÜSAHİBƏ

Mahir Şükürov: \"Futbolsuz qalmağımda Vaqif Sadıqovun da rolu var\"-MÜSAHİBƏ

Siasport.az saytı \"Anji\" klubunun keçmiş futbolçusu Mahir Şükürovun "Sportfavorit" qəzetinə müsahibəsini nəzərnizə çatdırır:

- "Anji"dən ayrılmağının əsas səbəbi nədi?

- Klub rəhbərliyində dəyişiklik baş verəndən sonra komandaya yaxşı maliyyə ayrıldı. Bu, bahalı futbolçuların gətirilməsi üçün şərait yaratdı. Baş məşqçi Hacı Hacıyevlə söhbət əsnasında heyətdə yer almaq şansımın az olduğunu bildirdi. Ona görə qərara aldım ki, \"Anji\"ni tərk edim. Mahaçqalada keçirilən ilk təlim-məşq toplanışında iştirak etdim. Dubayda keçirilən yoldaşlıq görüşündə bir hissə oynadım. Fasilədə baş məşqçi mənə yığmaya çağırıldığımı dedi. Qayıdan kimi məni əvəzedici heyətə göndərdilər. Düzü, etiraz etmədim, düz qarşılanmayacaqdı. Məsələnin sonunu gözləməyi üstün tutdum. Vaqif Sadıqov da mənə demişdi ki, ola bilər məni sınayırlar. Onun sözünü yerə salmadım, əvəzedici heyətlə turnirə yollandım. Mahaçqalaya qayıdandan sonra mənə münasibətin dəyişdiyini gördüm. Hacıyevə bildirdim ki, lazım deyildimsə, vaxtında deyərdiniz. Çünki Azərbaycanda da "transfer pəncərəsi" bağlanmışdı. Klubsuz qalmağımın səbəbkarı Hacıyevlə Sadıqov oldu.

- Münasibət birdən-birə nəyə görə dəyişdi ki?

- Bu mənə sonradan məlum oldu. Guya intizamsızlıq edir, icazəsiz evə gedirdim. Belə şey heç vaxt olmayıb. Olsaydı, çoxdan komandadan uzaqlaşdırmışdılar. Hacıyev bunu klub rəhbərindən yeni futbolçuların gətirilməsi tapşırığını aldığından etdi. Nizam-intizam məsələsini də ona görə ortaya atıldı ki, bu məsələyə don geyindirsinlər. Hacıyev Omari Tetradzenin də başına belə iş açmışdı. Gürcü məşqçinin getməsi üçün nələr etməmişdi ki! Hər gün klubunun rəsmi internet saytında başqa adlarla Tetradzenin istefasını tələb edirdi. Hətta klubun fanatları ilə də görüşüb, onları bu yola sövq etmişdi. Tetradze də bezib getdi. Hacıyevin fikrincə, klubu yerli mütəxəssislər çalışdırmalıdı.

- Vaqif Sadıqovun da adını çəkdiniz. Yəni, "Anji"dən getməyinizin qarşısını o ala bilərdi?

- \"Anji\"dən getməyimdə onun da əli var. İstəsəydi, baş məşqçinin fikrindən daşındıra bilərdi. Bir də inanmaram ki, Hacıyev məni komandadan uzaqlaşdırsın və Sadıqovun da bundan xəbəri olmasın. Heç olmasa, mövqeyini bildirməyə səlahiyyəti çatmırsa, niyə məşqçi işləyir? Görünür, baş məşqçini fikrindən daşındırmaq da istəməyib. Əksinə, məni yola salmaq üçün baş məşqçiyə yol göstərib. Belə olmasaydı, vaxtında mənə \"Anji\"ni tərk etməyi məsləhət görərdi. Qışda oranı tərk etsəydim, indi hər hansı bir komandada oynayardım. Futbolsuz qalmağımda Vaqif Sadıqovun da rolu var: başqa ad verə də bilmirəm.

- Adətən, futbolçular kənardan qayıdan kimi, tərk etdiyi komandaya dönür. Siz isə \"İnter\"də deyil, \"Neftçi\"də məşq edirsiniz. Bu, yayda \"ağ-qara\" formanı geyinəcəyindən xəbər vermir ki?

- \"İnter\"dən yaxşı ayrılmışam. Bu komanda ilə heç bir problemim olmayıb. \"Neftçi\"ni seçməyimdə əsas səbəb orada milli komandanın üzvlərinin çox olmasıdır. Bir yerdə məşq edəndə, bir-birimizi daha yaxşı başa düşürük. \"Neftçi\"yə keçidim müzakirə mövzusu deyil. Hələlik transferimlə bağlı qəti fikir söyləmək tezdir. Azərbaycandan bir neçə komanda var. Türkiyədən \"Samsunspor\"un adını çəkə bilərəm.

- Amma Arif Əsədov və \"Samsunspor\"un rəsmisi sizinlə maraqlanmadıqlarını deyiblər.

- Dediklərinə hörmətlə yanaşıram. Elə buna görə də danışmaq tezdi. Bunu zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня