Azərbaycanın futbol tarixində öz yeri olan insan (Portret cizgiləri)
11 iyul 1946-cı ildə Azərbaycanın gözəl, dilbər güşələrindən biri olan Masallı şəhərində dünyaya bir oğlan uşağı göz açdı. Amma heç kimin ağlına gəlməzdi ki, bu oğlan sonradan Azərbaycan futbolunda öz sözünü deyən, Masallıda futbolun inkişafında böyük işlər görən və hamının sevimlisinə çevrilən bir insan olacaq. Bu gözəl insan Çingiz Yavər oğlu Həşimovdur.
O, 1959-cu ildə Masallı rayonunda təhsil sahəsində çoxlu məşhur insanları yetişdirmiş şəhər 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olub və həmin məktəbi 1964-cü ildə bitirib. 1960-80-ci illər Masallıda ədəbiyyat, incəsənət və idman sahəsində böyük intibah dövrü sayılır. Çingiz də idmanın futbol növü ilə məşğul olmaqla özünün gələcəkdə perspektivli futbolçu olacağını artıq təsdiq edirdi. Məhz buna görə də 1965-ci ildə "Lokomotiv" idman cəmiyyətinin futbol üzrə yığma komandasının üzvü oldu və elə həmin dövrdə Respublika və SSRİ birinciliklərinin, mötəbər yarışların iştirakçısı oldu. Artıq 1967-ci ildə futbol sahəsində hər adama nəsib olmayan və hər bir futbolçunun arzusunda olduğu belə bir hadisə baş verdi. Çingiz Həşimovu "Neftçi" futbol komandasının əvəzedici heyətinə dəvət edirlər. Beləliklə, o, öz sözünü futbol aləmində daha maraqla deməyə başladı.
Bu haqda Çingiz Həşimov belə deyir: "Lokamativ"in heyyətində yoldaşlıq maçtında meydana çıxmışdım. Yadımdadır həmin oyunu "Neftçi"nin baş məşçisi, Azərbaycan futbolunun inkişafında əvəzsiz xidmətləri olan Əhməd Ələsgərov da izləyirdi. O, komandamızın heyyətindən 3 futbolçunu bəyənib, "Neftçi" nin əvəzedici heyyətinə dəvət etdi. Bəyənilən futbolçular arasında mənimlə yanaşı, Ağa Ağayev və Gündüz Səfərov da vardı. Üç il ərzində fasilələrlə "Neftçi" komandasında çıxış etmişəm. Əlbəttə, həmin vaxtı "Neftçi" nin əsas heyyətinə düşmək şox çətin idi. Çünki həmin vaxtı əsas heyyətdə çox güclu futbolçular vardı. Amma bu komandanın əvəzedici heyyətində oynamaq mənə, futbol aləmində gələcək karyeramı qurmaqda böyük stimul verdi".
O, 1970-ci ilə kimi "Neftçi"nin əvəzedici heyətində çıxış edir. Eyni zamanda da uzun illər Masallı şəhər yığma futbol komandasının fəal üzvü olur. 1970-ci ildən Masallıya qayıdır və rayonin "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində məşqçi-müəllim vəzifəsində işləyir. Sonra isə o, 1974 - 1977-ci illər ərzində Masallı rayon Təhsil Şöbəsi nəzdində idman məktəbində futbol üzrə məşqçi-müəllim vəzifəsində çalışır. İdman sahəsində ali təhsil almaq həmişə Çingiz Həşimovu düşündürdüyündən o, 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna ( qiyabi) daxil olur və 1984-cü ildə həmin institutu bitirir. Həmin vaxtlar Cənub bölgəsində, Lənkəran şəhərindəki "Xəzər" futbol komandası artıq respublikada məşhur idi. Komandanın rəhbərliyi onu "Xəzər"ə dəvət edir. Çingiz Həşimov 1977-ci ildən 1978-ci ilə kimi Lənkəranın "Xəzər" futbol komandasının aparıcı oyunçularından biri olmaqla Respublika birinciliyinin iştirakçısı olur. Sonra 1978-1979-cü illərdə Zaqatala rayonunun "Daşqın" komandasının şərəfini qoruyur. Bu komandada Respublika və SSRİ birinciliyinin iştirakçısı olur. Məhsuldar futbolçu kimi adı SSRİ idman tarixinə düşür. Onun belə böyük uğurlarını görən Masallı rayon rəhbərliyi Çingiz Həşimovu məsul vəzifədə işləmək üçün rayona dəvət edir. Onu Masallı rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifəsinə təyin edirlər. İki il bu vəzifədə işləyən və rayonda idman sahəsində böyük uğurlar əldə etməsinə baxmayaraq, peşəkar futbolsuz dura bilməyən Çingiz müəllim yenidən 1981-1982-ci illərdə "Xəzər" Lənkəran komandasında çıxış edir.

Yenidən Masallıya qayıdan Çingiz Həşimov "Viləş" komandasına baş məşqçi təyin olunur. Onun bu komandada baş məşqçi işlədiyi üç il komandanın tarixinə qız həriflərlə yazılır. Komanda üç dəfə "Qızıl Sünbül" mükafatına layiq görülür. Həmin vaxtı Çingiz müəllim çoxlu perspektivli futbolçular yetişdirir. Onun həmin vaxtlar yetişdirdiyi Asəf Əlizadə, Qəhrəman Əliyev və Altay Bəhramov "Neftçi" klubunun heyyətinə dəvət olunub, bu komandanın şərəfini qoruyurlar. Artıq 1986-cı ildən Çingiz Həşimov yenidən Masallı rayon "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin sədri vəzifəsinə dəvət olunur və bu günə qədər də bu vəzifədə işləyir. Azərbaycan Futbolunun inkişafında göstərdiyi misilsiz xidmətlərə görə Çingiz Yavər oğlu Həşimov çoxlu mükafatlarla yanaşı Azərbaycanın " Fəxri Bədən tərbiyəsi işçisi" fəxri adına da adına layiq görülüb. Bütün bu illərdə Çingiz Həşimovun idman aləmindəki fəaliyyəti haqqlnda yüzlərlə məqalələr, oçerklər yazılıb. İdmandan söz düşəndə isə o, belə dedi: " İdman aləmində həqiqətən gözəl günlərim çox olub. Həyatımı idmansız təsəvvür etmirəm. Təvazökarlıqdan uzaq olsa da futbol və məşqçilik karyeramı uğurlu hesab edə bilərəm. İdman sahəsində göstərdiyim xidmətlərim də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Ona görə də mən özümü xoşbəxt insan hesab edirəm. Oğlanlarım Yavər və Akşin də futbolla məşğul olurlar. Bütüb bunları düşünəndə insanda xoş hisslər yaranır".
Dostumuz Tahir Ələkbərli Çingiz Həşimovun 70 illik yubileyinə bir şeir həsr edib. Elə mən də öz fikirlərimi həmin şeirlə tamamlamaq istəyirəm.
Mərdlərin yerini elədi soraq,
Naqafil işlərdən dolandı uzaq.
Haqqı çox aradı əlində çıraq,
Sonunda deyəsən tapdı bu Çingiz.
Rast gəlmə həyatda naqisə, nəsə,
Ürəklər sevincdən gəlsin həvəsə.
Kişi tək yaradı arxasız kəsə,
Bax belə insandır bizim bu Çingiz.
Üzündən, gözündən tökülübdü nur,
Sənin əqidəndə olmadı qüsur.
Həmişə beləcə şad, qamətli dur,
Dostları, qohumu anandı Çingiz.
Yetmiş qışa, yetmiş yaza əlvida,
Arxa dursun sənə özü qoy Xuda.
Xoş görünər dost, tanışa bu da,
Baxma yetmişinə, cavandı Çingiz.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB