"Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri bir arada

"Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri bir arada

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 65 illik yubileyi ilə bağlı "Xəzər Lənkəran" klubunun azarkeşləri "Neftçi" klubunu ziyarət edib. Siasport.az saytı xəbər verir ki, bu ziyarətin əlamətdar hadisə olduğunu bildirən "Neftçi"PFK-nın prezidenti Sadıq Sadıqov, Anatoli Banişevskinin Azərbaycan futbol tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib: "Anatoli Banişevski 100 yaşı olan Azərbaycan futbolunun ən parlaq simalarından biri olub. "Xəzər Lənkəran" tərəfdarlarının əfsanəvi Banişevskinin 65 illiyi ilə bağlı klubumuzu ziyarət etməsi, əlamətdar hadisədir. Hazırda bütün klublar Azərbaycan futbolunun inkişafı üçün çalışır. "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov, komandanın prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirova öz təşəkkürümü bildirirəm. Həmçinin daim komandalarının yanında olan Lənkəran azarkeşlərinə də minnətdarlığımı çatdırıram. Onlar bizim ümumi dəyərimiz olan Anatoli Banişevskini yad etdilər".

"Bosman" və "12-ci oyunçu" fanklublarının adından Mirhafiz Babayev əvvəlcə, "Flaqman" fan-klubunun rəhbəri Ceyhun Bədəlzadə ilə görüşüb. Mirhafiz Babayev görüşdə "Neftçi"nin əfsanəsinə çevrilən Anatoli Banişevskinin ölkə futbolsevərlərinin daim yaddaşlarında qalacağını deyib: "Biz Ceyhun Bədəlzadə ilə əlaqə saxladıq və belə bir təşəbbüsümüzün olduğumuzu bildirdik. O da öz növbəsində bu görüşün baş tutmasında bizə köməklik etdi. Klubun bazasında "Neftçi"nin baş məşqçisi Arif Əsədovla və klubun futbolçularıyla söhbətləşdik, onlar bizi çox mehribanlıqla qarşıladılar. Klubun vitse-prezidenti Tahir Süleymanovla görüşdük o, bizi çox mehribanlıqla qəbul etdi. Biz öz növbəmizdə Tahir müəllimə Anatoli Banişevsikinin 65 illiyi ilə bağlı təbrik məktubumuzu təqdim etdik, o da bizi əliboş yola salmadı və bizə "Neftçi" klubunun adından hədiyyə təqdim etdi. Tahir Süleymanov bizim bu addımımızı yüksək qiymətləndirdi. "Neftçi" klubunun rəhbərliyinə, azarkeşlərinə təşəkkürümü bildirirəm. Biz meydanda rəqib, ondan kənarda isə dostuq".

Bütün xəbərlər Facebook səhifəmizdə