Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin ilk turuna start verilib. SİA-nın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş yarışın birinci turunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, yarışın baş hakimi Faiq Həsənov və "Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev də izləyir.
Turnirdə ilk gedişi FİDE prezidenti K.İlümjinov yerinə yetirib. O, Şəhriyar Məmmədyarov və Sergey Karyakin arasında görüşdə ağ fiqurlarla oynayan Azərbaycan şahmatçısı əvəzindən "At F3" gedişi edib və yarışın ilk turuna start verilib.
Qeyd edək ki, ilk turda Şəhriyar Məmmədyarov dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakin, Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifan (Çin), Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) isə Harikrişna Pentala (Hindistan, 2763) ilə qarşılaşır.
Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək. Yarışın son turu iyunun 4-də baş tutacaq.
Xatırladaq ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB