Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SİA-ya verilən məlumata görə, indiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılmaqdadır.
Əməliyyat şirkəti şəhər sakinlərinə möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasında göstərdikləri dəstəyə görə böyük minnətdarlığını bildirir və qeyd edir ki, plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var.
Belə ki, hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadır. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sizdən A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərinizi saxlamamağınızı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazımi tədbirlər görəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti-quraşdırma işlərinin davam etdiyi yerlərdə həm avtomobillərin mümkün zərərdən qorunmasında, həm də yarışa hazırlıq işlərinin aramsız şəkildə həyata keçirilməsində göstərəcəyiniz anlayışa görə təşəkkür edir, verilən müvəqqəti narahatlığa görə üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB