Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunmuş mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmisi Nasir Əl Xamimi və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib. Azərbaycan cüdoçularının uğurlarını əks etdirən videoçarx nümayiş olunduqdan sonra, yarışda iştirak edən 76 ölkənin rəmzi olaraq adını daşıyan şəxslər parad şəklində tatamiyə dəvət olunub.
Nazir A.Rəhimov yarış iştirakçılarını və qonaqları salamlayıb, onlara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycan böyük qürur hissi ilə dünyanın ən nüfuzlu və mötəbər yarışlarına ev sahibliyi edir: "Dünyanın ən mötəbər beynəlxalq yarışları Azərbaycanda yüksək səviyyədə təşkil olunur. Belə böyük uğurlara ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində imza atırıq. İdmançılarımızın uğurları artır, dünyanın müxtəlif ölkələrində Azərbaycanın himni səsləndirilir. Azərbaycan idmanının ən böyük təntənəsi "Bakı-2015" birinci Avropa Oyunları olub. Hazırda Azərbaycanda cüdo üzrə "Böyük dəbilqə" turniri, 17 yaşadək futbolçular arasında Avropa çempionatı və velosiped idmanı üzrə "Tour d΄ Azerbaidjan" yarışı keçirilir. Biz inanırıq ki, bu yarışda da idmançılarımız yüksək nəticələr qazanacaqlar. Bir daha bütün idmançılara uğurlar arzulayıram".
Daha sonra çıxış edən BCF rəsmisi Nasir Əl Xamimi Bakı şəhərində olmaqdan məmnunluğunu ifadə edib. O, "Böyük dəbilqə" turnirinə ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib. BCF rəsmisi yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nasir Əl Xamimi idmançılara qələbələr arzulayıb.
ACF prezidenti Rövnəq Abdullayev qonaqları ölkəmizdə salamlayaraq, idmançılara ədalətli mübarizə diləyib. O, turnirdə güclü olanın qalib gəlməsini arzulayıb.
Yarış açıq elan olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra möhtəşəm lazer-şou nümayiş olunub. Şouda Azərbaycanın milli atributları və musiqilərindən istifadə edilib.
Açılış mərasimindən sonra yarışın ilk gününün final mərhələsinə start verilib.


.jpeg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB