Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Gilan" Mehmanxanalar Qrupu, "Bakı Bulvar" və "Şah Palas" otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, "Bakı Bulvar" otelinin baş meneceri Valentin Osolos və "Şah Palas" otelinin baş meneceri Davut Furkan Emen iştirak edib.
Tədbirdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə ediblər.
Çıxış edən B.Özərdim ölkədə yarış ərəfəsində mehmanxana fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunmasının zəruruiliyindən danışıb: "Azərbaycan bu il möhtəşəm yarışa ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən minlərlə "Formula-1"azarkeşi yarışı tribunada canlı izləmək üçün Bakıya gələcək. Biz belə mötəbər yarışların keçirilməsinin Azərbaycan turizm sektoruna, xüsusilə otel biznesinə, nəzərə çarpacaq ölçüdə sərmayə qazandıracağına, qısa və uzunmüddətli perspektivdə gəlirlər gətirəcəyinə inanırıq".
Daha sonra E.Məmmədov, V.Osolos və D.Furkan Emen çıxış edərək ölkəmizdə keçiriləcək möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasına yardımçı olmaq üçün bütün gücləri ilə səy göstərəcəklərini bildiriblər. Qeyd olunub ki, yarışı canlı izləmək üçün xarici ölkələrdən otellərin otaqlarının çox hissəsi artıq sifariş olunub.
Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər FİA Formula 1 dünya çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Pri yarışı ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı, tərəflər arasında yarışdan əvvəl və yarış həftəsonu ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi fikir və məlumat mübadiləsi aparılacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB