Bu gün Azərbaycan Karate Federasiyası (AKF) "Bakı 2015" I Avropa Oyunlarında karateçilərimizin çıxışları ilə bağlı hesabat mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) konfrans zalında təşkil olunan tədbirdə AKF-nin prezidenti Yaşar Bəşirov, milli komandanın baş məşqçisi Rəhman Hətəmov, GİN-nin İdman Şöbəsinin müdiri Mirkamil Rəhimov və jurnalistlər iştirak ediblər.
AKF prezidenti Y. Bəşirov ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizin dünya idman tarixində yeni səhifə yazdığını qeyd edib. O, ilk Avropa Oyunlarında idmançılarımızın yüksək nəticələr qazanmalarının məhz ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində həyata keçdiyini bildirib. Federasiya prezidenti Azərbaycanın birinci xanımı, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Oyunların möhtəşəm şəkildə təşkilatçılığına görə minnətdarlığını bildirib.
Y. Bəşirov karateçilərimizin "Bakı-2015"də çıxışlarından danışıb: "Oyunlarda ilk olaraq karateçilər yarışa qatıldılar. İlk medalı isə İlahə Qasımova qazandı. İlk qızıl medalı komandamıza Firdovsi Fərzəliyev aktivinə yazdı. Rafael Ağayev də sözünü dedi, qalib oldu və dünyada bir nömrə olaraq qaldı. Azərbaycanın himni 21 dəfə səsləndi. Bunların da 4-ü karateçilərimizin uğuru idi".
Y. Bəşirov Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin federasiyaya yaxından köməklik göstərdiyini bildirib.
GİN-in İdman Şöbəsinin müdiri Mirkamil Rəhimov Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdirildiyini, artıq bir neçə ölkənin bu standartların öhdəsindən gəlib-gəlməyəcəyini düşündüyünü qeyd edib. O, ilk Avropa Oyunlarında komandalarımızın tərkibində yarışan legionerlərin Azərbaycan Dövlət Himnini oxumasının hər kəsi təsirləndirdiyini deyib. O, legionerlərin həmin növdə rəqabət yaratdığını bildirib.
Avropa Oyunlarının qalibi, 4 qat dünya və 12 qat Avropa çempionu Rəfael Ağayev bacardıqları qədər ölkəmizi tanıtmağa, himnimizi səsləndirib, bayrağımızı ucaltmağa çalışacaqlarını qeyd edib.
İdmançı yaşadığı Sumqayıt şəhərində tez-tez idman zallarına getdiyini və idmançılarla görüşdüyünü qeyd edib. O, yaxın zamanlarda Sumqayıtda ayda bir dəfə 1-2 günlük təlim-məşq toplanışları keçirəcəyini və perspektivli karateçilərin yığma komandaya Rəhman Hətəmovun rəhbərliyi ilə məşqlərə dəvət ediləcəyini deyib.
Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Xatırladaq ki, ilk Avropa Oyunlarında karateçilərimiz 4 qızıl və 2 bürünc medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB